Müstəntiqlər və təhqiqatçılar üçün təlim keçirilib
Bakı, 4 may, AZƏRTAC
Hüquq və İnsan Haqları İnstitutunun təlimçi-ekspertləri tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal və Nəsimi Rayon Polis idarələrinin müstəntiqləri və təhqiqatçıları üçün təlim keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlim İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində təsbit olunmuş “Azadlıq və şəxsi toxunulmazlıq hüququ”na dair müddəaların tətbiqi mövzularını əhatə edib.
Təlimi açan Daxili İşlər Nazirliyinin Baş İstintaq və təhqiqat idarəsinin müstəntiqi, polis kapitanı Vüqar Əmirov institutun bu təlimlərlə bağlı təşəbbüsünü yüksək dəyərləndirib, hər zaman əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
İnstitutun İdarə Heyətinin sədr müavini Natəvan Rüstəmova “İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsi və dövlətin vəzifələri. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlasdırılması, 5-ci maddə üzrə Azərbaycana qarşı çıxarılan qərarlarda ən çox tanınan pozuntular” haqqında təqdimatla çıxış edib.
Təqdimatda 5-ci maddənin əsas prinsipləri və tətbiq edilən əsas meyarlar, “qanunçuluq” anlayışının mahiyyəti, pozitiv və neqativ öhdəliklərin əsas xüsusiyyətləri, həmçinin Azərbaycanla bağlı AİHM-in qərarlarında 5-ci maddə üzrə pozuntunun tanınması statistikası əks olunub.
İnstitutun hüquq eksperti Vəfaddin İbayev “Azərbaycan ədalət mühakiməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 20 illik baxış bucağında. Azadlıq və toxunulmazlıq hüququnun məhdudlaşdırılması” mövzusunda çıxış edib. Qanunvericilik və məhkəmə təcrübəsindəki dəyişikliklərin azadlıq hüququnun təminində əhəmiyyəti, təcrübədə mövcud olan problemlər, onların həlli ilə əlaqədar tövsiyələr, qanunvericilikdə dəyişikliklərlə bağlı təkliflər, azadlıq və toxunulmazlıq hüququ ilə bağlı aşkar edilmiş pozuntular şərh edilib.
Təlimin yekununda İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlının moderatorluğu ilə 5-ci maddə üzrə “Şübhəli şəxs barədə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət” və “Həbsdə saxlanılma müddətinin uzadılması”na dair kazuslar qrup işi formasında həll edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, eyni zamanda, təlimin iştirakçılar tərəfindən qiymətləndirilməsi aparılıb.
Sonda 50-dən çox polis əməkdaşına İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 5-ci maddəsində əks etdirilən “Azadlıq və şəxsi toxunulmazlıq hüququ” mövzusu üzrə təlimlərdə iştirakına görə sertifikatlar təqdim olunub.