CƏMİYYƏT
Mütəxəssis: Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır
![Mütəxəssis: Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır](/files/2022/3/1200x630/16667712973438513812_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Qaraciyər sirrozu qaraciyər toxumasının çapıqlaşmasını təsvir edən bir anlayışdır. Bu təhlükəli xəstəlikdən biri hesab edilə bilər. Çünki bəzən qaraciyər zədələnsə də əsas əlamət və simptomlar vaxtında özünü büruzə vermir. Bu isə müalicənin gecikməsinə səbəb olur.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, bunu mərkəzin həkim-terapevti Lalə Xalıqzadə deyib.
“Bununla belə, qaraciyər sirrozunun bir çox ilkin əlamətləri var. Məsələn, iştahasızlıq, qeyri-ixtiyarı arıqlama, ürək bulanması, qusma, sağ qabırğaaltı nahiyədə yüngül ağrılar, yorğunluq və ya müntəzəm zəiflik sirrozunun əlamətləri hesab edilə bilər. Belə bir şübhələr varsa, mütləq həkimə müraciət etmək məsləhətdir,” - deyə həkim bildirib.
Qaraciyər sirrozunun yaranma səbəbləri müxtəlif olduğunu söyləyən Lalə Xalıqzadə bildirib ki, sirrozun əsas yaranma səbəbi alkoqol istifadəsi ilə yanaşı hepatit B və hepatit C kimi xroniki viral viruslardır: “Bəzi sirroz xəstəliyinə tutulan şəxslərdə isə heç bir səbəb tapılmır. Qaraciyər sirrozu xəstəliyinin yaranmasında genetik faktor da rol oynayır. Çox nadir hallarda isə ağır dərmanların uzun müddətli istifadəsi, dəmir və mis minerallarının həddindən artıq qəbulu, xroniki ürək çatışmazlığı, öd yollarının tıxanması və digər səbəblərdən yarana bilər”.
Bu problemlə üzləşməmək üçün həkim ilk növbədə qaraciyərə ziyan verən hallardan uzaq durmağı, spirtli içkilərdən tamamilə imtina etməyi, ən xırda şübhəyə ehtiyatla yanaşmağı, gecikmədən müalicə aparmağı, hepatit B peyvəndi olunmağı və eləcə də qida rejiminə mütləq əməl etməyi tövsiyə edib.
O, həmçinin bildirib ki, qaraciyər və qaraciyər sirrozu ilə bağlı bir sıra xidmətlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi bölməsində yer alır. TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən, o cümlədən Kliniki Tibbi Mərkəzdə bu xidmətlərdən ödənişsiz şəkildə yararlanmaq mümkündür.