Mütəxəssis: Stres mədə-bağırsaq xəstəliklərinin yaranmasında mühüm rol oynayır
Bakı, 31 avqust, AZƏRTAC
Bakıda son aylarda rotavirus infeksiyası yayılıb.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov nazirliyin rəsmi instaqram səhifəsindəki canlı yayım zamanı deyib.
"Bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma, ishal və yüksək temperaturdur. Həmin şəxslər antibiotik terapiyadan, süd məhsulları və kofeindən uzaq durmalıdır. Xəstələrin bu kimi hallarda çoxlu maye qəbul etməyi tövsiyə edilir. Müşahidələr göstərir ki, infeksiya insan orqanizmində 5-7 gün müddətində aktiv halda qalır. Əgər həmin müddətdən sonra düzəlmə olmasa, onda mütləq şəkildə həkimə müraciət edilsin. Bəzən infeksiya orqanizmə sudan, yaxşı bişməyən yeməklərdən də düşə bilər”.
Mütəxəssis bitki mənşəli çayların tez-tez qəbul edilməsinin qastritə səbəb ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, limon və zəncəfil tərkibli çayları içən zaman öd mədəyə geri axır, mədəni zəhərləyir. Beləliklə də qastrit yaranır.
“Mədə-bağırsaq xəstəliklərinin bir neçə səbəbi var. Stres faktoru bu problemlərin yaranmasında mühüm rol oynayır. Güclü stresdən mədə xorası belə yarana bilər. Araşdırmalar göstərir ki, mədə-bağırsaq xəstəliklərinin 60 faizi sinir sistemləri ilə bağlı problemlər səbəbindən yaranır. Digər tərəfdən yuxu rejiminin pozulması, gecə vaxtı yemək yeyilməsi də mədə-bağırsaq xəstəliyinə səbəb olan faktorlardır. Hər bir yaş qrupunda bu əlamətlər ola bilər".