MUXTAR RESPUBLİKADA TAXIL EHTİYATI ANBARI İSTİFADƏYƏ VERİLMİŞDİR
Naxçıvan, 6 iyul (AZƏRTAC). Naxçıvan Muxtar Respublikasının taxıl ehtiyatı anbarı istifadəyə verilmişdir.
Anbarın açılış mərasimində çıxış edən müəssisənin rəhbəri Elşən Mirzəyev demişdir ki, son illər muxtar respublikada çoxşaxəli istehsal və infrastruktur sahələri yaradılmış, minlərlə iş yerləri açılmışdır. Belə sahələrdən biri də taxıl ehtiyatı anbarıdır. Bu müəssisə gələcəkdə inşa ediləcək müasir dəyirmanların və qarışıq yem zavodlarının bazasını təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov mühüm strateji əhəmiyyətə malik obyektlərdən birinin - taxıl ehtiyatı anbarı kompleksinin istifadəyə verilməsi münasibətilə taxıl istehsalçılarını, kompleksdə çalışacaq işçiləri təbrik etmiş, müəssisəyə fəaliyyətində uğurlar arzulayaraq demişdir: Ölkəmizdə hər bir sahədə yenilik, inkişaf vardır. Quruculuq bütün sahələri əhatə edir. Bu da ötən əsrin 70-ci illərində Azərbaycanda başlayan inkişaf konsepsiyasının yeni mərhələdə davamıdır. O illərdə ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanan işlər bu gün Prezident İlham Əliyev tərəfindən müasir beynəlxalq şərtlərə uyğun olaraq davam etdirilir. Həmin şərtlərdən biri də ölkəmizdədə ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsidir. Əgər Sovet hakimiyyəti illərindəki Azərbaycanın statistikasını müstəqillik dövründəki Azərbaycanın statistikası ilə müqayisə etsək, onda çox böyük fərqlərin şahidi olarıq. Belə sahələrdən biri də Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin istehsalı sahəsidir.
Artıq Azərbaycanda bu günədək bir milyon tondan çox taxıl istehsal olunmuşdur. Taxıl biçininin sonunadək Azərbaycanda 2 milyon tondan çox, muxtar respublikada isə 100 min tona yaxın taxıl istehsalı gözlənilir. Bu da muxtar respublika əhalisini taxıl məhsulları ilə tam təmin etməyə, heyvandarlığı və quşçuluğu inkişaf etdirməyə imkan verəcəkdir.
Ali Məclisin sədri yeni müəssisənin istifadəyə verilməsinin həm də yeni iş yerlərinin açılmasına imkan yaratdığını bildirmişdir. Qeyd olunmuşdur ki, hələlik müəssisədə 20 nəfərə yaxın işçi çalışacaqdır. Gələcəkdə yeni sahələrin yaradılmasından sonra işçilərin sayı da artırılacaq, onların ixtisaslarının artırılması üçün müxtəlif tədbirlər görüləcəkdir.
Bu gün istifadəyə verilən müəssisə muxtar respublikanın hər bir sakininə xidmət edəcəkdir. Yeni müəssisə imkan verəcəkdir ki, muxtar respublikanın sakinləri keyfiyyətli buğda və buğda məhsulları ilə təmin olunsunlar. Müəssisəyə dövlət nəzarəti həyata keçiriləcək, alınan məhsulun keyfiyyətinə, onun saxlanılmasına diqqət yetiriləcəkdir. Biz əminik ki, müəssisə tədarükdə də, istehsalda da keyfiyyətə üstünlük verəcək, muxtar respublikanın davamlı buğda və buğda məhsulları ilə təmin olunmasında öncül yerlərdən birini tutacaqdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra Ali Məclisin sədri idarəetmə düyməsini basaraq müəssisəni işə salmışdır.
Məlumat verilmişdir ki, ehtiyat anbarın tərkibinə 18 min ton tutuma malik uzunmüddətli və 20 min ton tutuma malik olan qısamüddətli taxıl anbarları daxildir.
Uzunmüddətli taxıl anbarı hər biri 3 min ton tutumu olan 6 bunkerdən ibarətdir. Bunlar ABŞ-dan gətirilmişdir. Müəssisədə quraşdırılan müasir tipli elevator saatda 150 ton taxılı qəbul etmə, 750 ton yükləmə və 100 ton ələmə gücünə malikdir. Elevatorun üstünlüyü ondan ibarətdir ki, taxıl bir bunkerdən digərinə avtomatik ötürülür, havalandırılır, bunkerlərdəki məhsulun 50 faizini elektrik enerjisi olmadan maşınlara yükləyə bilir.
Uzunmüddətli anbarda 60 ton gücə malik elektron tərəzi, 100 tonluq qaldırıcı lift, 3 ədəd taxıl qaldıran qurğu quraşdırılmışdır.
Müəssisənin digər taxıl və un anbarlarında qısamüddətli taxıl və un saxlamaq üçün bütün şərait vardır. Taxıl anbarı 15 min ton, un anbarı isə 5 min ton tutuma malikdir. Burada taxılın açıq və kisələrdə qəbulu, qurudulması və mexaniki yüklənməsi mümkündür. Anbarda yanğın təhlükəsizliyinə qarşı qurğular, 60 ton tutumu olan su çəni quraşdırılmışdır.
Müəssisədə qəbul olunmuş taxılın nəmliyini və təmizliyini ölçmək üçün laboratoriya da vardır. Taxılın analizi laboratoriyada cəmi 10 dəqiqə ərzində həyata keçirilir. Müəssisənin inzibati binasında 4 iş otağı, mətbəx, yeməkxana, soyunub-geyinmə otaqları yerləşir.
Məlumat verilmişdir ki, taxıl ehtiyat anbarına qəbul olunarkən ilk növbədə tərəzidə çəkilir. Taxılın nəmliyi 11,5 faizdən və zibilliyi 2 faizdən çox olduqda bu, xalis çəkidən çıxılır və təmiz çəki qiymətləndirilir. Ziyanverici aşkar olunduqda taxıl dərmanlanır. Bunun üçün taxılın hər tonuna bir ədəd alüminium fosfat tərkibli tabletdən istifadə olunur. İyirmi dəqiqədən sonra bu tablet parçalanaraq qaz halına keçir və ziyanvericini məhv edir.
Müəssisə strateji əhəmiyyət daşıdığından ildırımötürücü, yanğından mühafizə sistemləri, müasir işıqlandırma və mühafizəedici hasarla təmin edilmişdir.
Ali Məclisin sədri anbarın təhlükəsizliyinə ciddi diqqət yetirilməsi, taxılın qəbuluna başlanılması, muxtar respublikada fəaliyyət göstərən dəyirmanlarda unun keyfiyyətinə, daxili bazarda un məhsullarının qiymətinə nəzarət olunması, çörəyin çeşidinin artırılması və digər məsələlər barədə tapşırıqlar vermişdir.
######
![]() |
![]() |

