Muxtar respublikanın Arazboyu ərazilərində monitorinqlər aparılır
Naxçıvan, 3 fevral, AZƏRTAC
Epizootik tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin əməkdaşları ayrı-ayrı bölgələrdə olur, çöl quşlarının daha çox toplaşdığı ərazilərdə xəstəliktörədici mikrob və həşəratlara qarşı dezinfeksiya tədbirləri aparır, çay və su hövzələrində monitorinqlər təşkil edirlər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, növbəti tədbir Sədərək rayonunda Arazboyu ərazilərdə aparılıb.
Xidmətin mütəxəssisləri rayon baytarlıq idarəsinin əməkdaşları ilə birlikdə sərhədboyu ərazilərdə, çay və su hövzələrində olub, vəhşi heyvan və çöl quşlarının daha sıx olduğu ərazilərdə monitorinqlər aparıblar. Monitorinqlər zamanı ölmüş heyvan və çöl quşlarının cəsədlərinə rast gəlinməyib. Arazboyu ərazilərə, həmçinin rayon ərazisindən keçən Şir arxına da baxış olub.
Mütəxəssislər xəstəliktörədici həşəratların və mikrobların ola biləcəyi ərazilərə baxış keçirib, çay kənarlarında, su hövzələrində qabaqlayıcı dezinfeksiya tədbiri aparıblar.
Qeyd edək ki, qonşu ölkələrdən muxtar respublikanın ərazisinə gələn çöl quşlarının toplandığı yerlərdə xəstəliktörədicilər olan mikrob və həşəratlar üçün münbit şərait yaranır, onlar artıb çoxalırlar. Xəstəliktörədicilər, həmçinin müxtəlif yoluxucu xəstəliklərin yaranmasına da səbəb olurlar. Bu baxımdan aparılan məqsədyönlü tədbirlər, xüsusən də dezinfeksiya işləri mühüm əhəmiyyət kəsb edir. Bu sahədə xidmətin dezinfeksiyaedici avtomaşınlarından səmərəli istifadə olunur, lazımi dərman preparatları yerlərə çatdırılır.