“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsi elan edilib
Bakı, 14 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətini, xalça və xalçaçılıq, təsviri və dekorativ sənət nümunələrinin ən yaxşı hekayəsi ilə bağlı müsabiqə elan edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin təşkilində əsas məqsəd ölkəmizdə yeni koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar ev şəraitində asudə vaxtın səmərəli və faydalı təşkil edilməsi, muzey sahəsində cəmiyyətin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılması və yeni fikirlərin toplamasından ibarətdir.
Müsabiqədə 14 eksponat təqdim edilir. İştirakçı eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalıdır. Təqdim olunan eksponatlar arasında seçim etmək sərbəstdir. Eksponatları https://museum.az/az/competition/1 link vasitəsilə seçmək mümkündür.
Müsabiqənin qalibi Kindle (elektron kitab) qazanacaq və Mədəniyyət Nazirliyinin diplomu ilə təltif ediləcəklər. Eyni zamanda, ilk 10-luğa daxil olan şəxslərə Mədəniyyət Nazirliyinin diplomu veriləcək.