Naftalan yağı daha effektli müalicə vasitəsi kimi analoqu olmayan əhəmiyyətə malikdir
Bakı, 2 iyun, AZƏRTAC
Naftalan şəhərində “Naftalan-2018” multidisiplinar beynəlxalq elmi-praktiki konfrans keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Naftalan yağının əhəmiyyətli təsiri haqqında hələ XII əsrdə məlumatın olduğunu bildirib. O, Naftalan yağının müxtəlif xəstəliklərin müalicəsində dərman vasitəsi kimi tətbiqinin XIX əsrə təsadüf etdiyini, ölkəmizdə 1950-ci illərdən başlayaraq səhiyyə ocaqlarında istifadəsinin gücləndirildiyini, akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə daha geniş tədqiqatlar aparıldığını söyləyib: “Naftalan yağının daha çox patologiyaların müalicəsində effektivliyinin aşkar edilməsi üçün biologiya və tibb sahəsinin alim və mütəxəssisləri bu istiqamətdə səylərini birləşdirməlidirlər”.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov çıxışında müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Naftalan şəhərini seçmələrini təqdirəlayiq hal adlandırıb.
AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev isə Naftalan yağı əsasında dərman preparatlarının hazırlandığını söyləyib, gələcəkdə elmi laboratoriyaların yaradılmasının zəruriliyini diqqətə çatdırıb.
AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov çıxışında müalicəvi Naftalan yağı əsasında yeni dərman preparatlarının yaradılması perspektivlərindən söz açıb. Qeyd edib ki, Naftalan yağı analgetik təsirlə yanaşı, daha effektli müalicə vasitəsi kimi analoqu olmayan əhəmiyyətə malikdir.
AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev beynəlxalq konfransın Naftalan yağının geniş tətbiqi ilə məşğul olan müalicə mərkəzlərinin gələcək fəaliyyətinə, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə töhfə verəcəyini deyib.
Sonra Qazaxıstan Respublikası Milli Kurort Assosiasiyasının prezidenti, biologiya üzrə fəlsəfə doktoru Sayagül Aydarovna, Şərqi Avropa üzrə müalicə sanatoriyasının baş meneceri Teodor Ştofira çıxış edərək konfransın əhəmiyyətinə toxunublar.
Tədbirdə, həmçinin Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzi tərəfindən AMEA-nın vitse-prezidenti, Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyevə ünvanlanmış məktub oxunub.
Konfrans öz işini plenar iclaslarla davam etdirib. Plenar iclaslarda AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova, Çexiyanın “Olympic Palace” sanatoriyasının baş həkimi, tibb elmləri üzrə fəlsəfə doktoru Natalya Larina və başqaları məruzələrlə çıxış ediblər.