Naftalanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb
Naftalan, 11 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) sayca 51-ci nümayəndəliyi Naftalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində şəhər icra hakimiyyətinin, GİKM-nin nümayəndələri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Yeni yaradılan nümayəndəlikdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq.
Diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış imkanlardan tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi sərəncama uyğun olaraq, GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə vermək istiqamətində qurulub.
Tədbir daha öncə açılışı olmuş nümayəndəliklərin fəaliyyətindən ibarət əyləncəli videoların nümayişi, maraqlı viktorinalar və təlim xarakterli oyunlarla davam etdirilib.