Nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi 1,6 faiz artıb
Bakı, 10 noyabr, AZƏRTAC
2021-ci ilin 9 ayında manatın xarici valyutalara qarşı məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Dövr ərzində tədiyə balansının yaxşılaşması valyuta bazarında təklifi və beləliklə də qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib. Hesabat dövründə valyuta bazarında əməliyyatların həcminin artımı müşahidə edilib ki, bu da əsasən pandemiya ilə bağlı məhdudiyyətlərin azaldılması şəraitində xarici iqtisadi əlaqələrin, xüsusən də xarici ticarətin həcminin genişlənməsi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.
2021-ci ilin 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 1,6 faiz artaraq 19,2 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 85,9 faizi ABŞ dollarında, 14,1 faizi isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28,7 faizi banklararası valyuta bazarında (BVB), 71,3 faizi isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib. Dövr ərzində BVB-də əməliyyatların 99,3 faizi ABŞ dollarında, 0,7 faizi avroda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 13,7 milyard dollar ekvivalentində olmuşdur ki, bunun da 80,5 faizini ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 94,9 faizi hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb. Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 35,4 faiz azalaraq 2,7 milyard ABŞ dolları ekvivalentində olub. Bunun 85,2 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında son 6 ayda bankların valyuta alışı satışları üstələyib.