İDMAN
Namiq Əliyev: Uğur qazanmaq hər bir güləşçinin öz əlindədir
![Namiq Əliyev: Uğur qazanmaq hər bir güləşçinin öz əlindədir](/files/2013/3/1200x630/1407145121473243277_1200x630.jpg)
Bakı, 11 noyabr (AZƏRTAC). Xəbər verildiyi kimi, noyabrın 22-dən 24-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalar yarış öncəsi son təlim-məşq toplanışını Olimpiya Güləş Mərkəzində gündə 2 dəfə - səhər və axşam məşqləri olmaqla davam etdirirlər.
Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Beynəlxalq Güləş Federasiyasının (FİLA) İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev mütəmadi olaraq Olimpiya Güləş Mərkəzində yığma komandaların üzvləri ilə görüşür, hazırlıq prosesinin gedişi, idmançıların fiziki hazırlığının vəziyyəti və sağlamlıqları ilə yerində maraqlanır.
Federasiya rəsmisi Bakıda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi ərəfəsində sərbəst güləş yığmasının üzvləri və məşqçilər korpusu ilə görüşmüşdür.
İdmançıların fiziki hazırlıqla yanaşı, psixoloji hazırlığa da ciddi diqqət yetirmələrinin vacibliyini bildirən N.Əliyev güləşçilər üçün hər cür şəraitin yaradıldığını demişdir. Bildirmişdir ki, uğur qazanmaq hər bir güləşçinin öz əlindədir. Nizam-intizama, məşqçilərin tapşırıqlarına vaxtlı-vaxtında əməl edən idmançı nailiyyət qazanır. Nailiyyətlərin davamlı olması üçün isə fasiləsiz hazırlıq keçmək lazımdır. Bu gün güləşçilərin hazırlığı üçün hər bir şərait yaradılmışdır. Ölkə prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin güləş idman növünə və güləşçilərimizə diqqəti çox böyükdür. Çalışıb ölkə rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmaq lazımdır.