İQTİSADİYYAT
“Nar” 4G şəbəkəsindən istifadə edən abunəçilərin sayı 25 minə çatıb
Bakı, 25 mart, AZƏRTAC
2015-ci ilin son rübündə mobil operatorların şəbəkə keyfiyyətinin müstəqil monitorinqinin nəticələrinə əsasən, “Nar” 4G şəbəkəsi ölkədə ən yüksək göstəriciləri nümayiş etdirib. Müasir avadanlıq vasitəsilə keçirilmiş testlərə əsasən, “Nar” 4G (LTE) şəbəkəsi Abşeron yarımadası və Bakı şəhərində yüksək nəticələr göstərib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, 2 il ərzində şəbəkəsinin həcmini 2 dəfədən çox artırmağa nail olan “Nar” hazırda 2941 2G (GPRS/EDGE), 2086 ədəd 3G (HSPA) və 609 4G (LTE) stansiyası vasitəsilə abunəçilərə kəsintisiz və yüksək keyfiyyətli mobil rabitə və internet xidməti göstərir.
Gücləndirilmiş və genişləndirilmiş 4G şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” 4G (LTE) şəbəkəsindən istifadə etmiş abunəçilərin ümumi sayı son 3 ay ərzində 65 faiz artaraq 25 minə çatıb.
“Nar” öz abunəçiləri üçün mükəmməl şəbəkə və yüksək keyfiyyətli xidmət təmin etmək məqsədilə optimallaşdırma işlərini durmadan davam etdirir. “Nar” abunəçiləri yüksək sürətli 4G şəbəkəsindən sərfəli qiymətlərlə və əlavə hər hansı bir ödəniş etmədən yararlana bilirlər.
Mobil operatorun strateji hədəfi etibarlı və yüksək sürətli internet imkanını təkcə mobil telefonlara deyil, eləcə də evlərə və iş yerlərinə çatdırmaqdır. Artıq mobil və sabit şəbəkələrin təkmilləşdirilməsi üçün ciddi sərmayə yatırılıb və gələcəkdə bu sahəyə daha böyük məbləğdə investisiya ayrılması planlaşdırılır.
“Nar” operatorunun şəbəkəsi haqqında əlavə məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.