“Nar Walk” tətbiqi abunəçilərin istifadəsinə verilib
Bakı, 22 yanvar, AZƏRTAC
“Nar” mobil operatoru daha bir innovativ tətbiqi öz abunəçilərinin istifadəsinə verib. “Nar Walk” tətbiqi vasitəsilə insanlar gəzdikləri məsafəyə görə xallar toplaya bilirlər və bunun əsasında hədiyyələr qazanırlar. Xallar “nar dənələri” (ND) kimi qeyd olunur və qət edilən hər 100 metr məsafəyə görə istifadəçiyə 1 ND təqdim olunur.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, ND toplayan istifadəçilər arasında müsabiqə keçiriləcək. Yanvar ayının sonunadək ən çox ND toplamış ilk 3 istifadəçiyə müvafiq olaraq “Jawbone UP2”, “iPod Shuffle” və “Energy” akkumulyatoru hədiyyə ediləcək.
İstifadəçilər öz “Facebook” hesablarını da tətbiqə əlavə edərək, dostlarının fəaliyyəti - onların nə qədər gəzərək məsafə qət etmələri, neçə xal toplamaları və s. barədə məlumatı görə bilərlər.
Tətbiqi yükləmək və müsabiqəyə qoşulmaq ödənişsizdir. İstifadəçilər “Nar Walk” tətbiqini yükləmək üçün www.narwalk.com internet səhifəsinə daxil ola bilərlər. Ətraflı məlumat üçün “Nar” operatorunun rəsmi “Facebook”, “Twitter” və “Instagram” səhifələrinə, o cümlədən 777 çağrı mərkəzinə müraciət edilməlidir.