NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, 2002-ci ilin altı ayı ərzində respublikanın ərazisində narkotiklərlə bağlı 1338 cinayət faktı qeydə alınmışdır.
Həmin müddətdə ayrı-ayrı şəxslərdən 35 kiloqram 573,35 qram narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 1 kiloqram 587 qram heroin, 4 kiloqram 238 qram tiryək, 3 kiloqram 739 qram həşiş, 26 kiloqram marixuana, 4,35 qram sirkə anhidridi götürülmüşdür.
Hüquq mühafizə orqanları əsas diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, daxilolma mənbələri və kanallarının aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticələrini verir. Ötən altı ayda 959 şəxs məsuliyyətə cəlb olunaraq məhkəməyə verilmişdir.
Təhlil dövründə bu növ cinayət törətdiklərinə görə 17 nəfər xarici vətəndaş yaxalanaraq cinayət məsuliyyətinə cəlb edilmiş, onlardan 1 kiloqramdan artıq narkotik vasitələr götürülmüşdür. Yaxalanmış əcnəbilərin 7-si İran, 5-i Rusiya, 3-ü Gürcüstan, 1-i Ukrayna və 1 nəfəri Əlcəzair vətəndaşıdır.
Həyətyanı sahələrdə qanunsuz becərilən 781 kiloqram, respublikanın müxtəlif yerlərində isə 105 ton 343 kiloqram yabanı bitən narkotik xassəli bitki aşkar edilərək məhv olunmuşdur. Respublika ərazisində keçirilən “Xaşxaş - 2002” kompleks əməliyyat-axtarış tədbirləri davam edir.