Narkotik vasitələr yaddaş və təfəkkürü pozur, orqanizmi zədələyərək xəstəliklər yaradır
Bakı, 11 mart, AZƏRTAC
Cəmiyyətin bəlasına çevrilən narkomaniya dünya miqyasında mübarizə aparılan qlobal problemdir. Təəssüf ki, narkotik vasitələrin yaratdığı fəsadlar hər kəsə məlum olsa da, onun girdabına yuvarlananların sayı artır. Xüsusilə gənc və yeniyetmələr arasında “ağ ölüm” təhlükəsi ilə üzləşənlər çoxdur.
AZƏRTAC xəbər verir ki, Respublika Narkoloji Mərkəzinin narkoloqu Rövşən Kərimlinin dediyinə görə, narkotik vasitələr əvvəlcə yaddaş və təfəkkürü pozur, daha sonra orqanizmi zədələyərək xəstəliklər yaradır: “Xəstələr arasında yaş qruplarına baxdıqda təbii ki, narkomaniyanın gəncləşdiyini görürük. Onların arasında 17-25 yaşlılar daha çoxluq təşkil edir. Məhz həmin dövrdə gənclərin yoxlama, kiminsə tövsiyəsi nəticəsində narkotika ilə “tanış olması” və bir neçə dəfə qəbul etməsi halları müşahidə olunur. Metamfetaminin uzun müddət qəbul edilməsi təbii ki, sinir psixopozuntularının meydana çıxması ilə nəticələnir. Ən çox birdəfəlik yüksək miqdarda istifadə psixiatrik hallara səbəb olur. Görmə, eşitmə, izləmə, şübhəlilik hallüsinasiyalarının yaranması ən çox müşahidə olunan klinik şikayətlərdir”.
Narkotik vasitələr qaraciyər, böyrək, ürək və bütün vacib həyati orqanları sıradan çıxarır. “İnfeksion formalı narkomaniya nəzərə alınarsa, bu zaman ən çox yayıla bilən hepatit xəstəlikləridir. Eyni zamanda, QİÇS xəstəliyinin yayılmasına da səbəb ola bilər. Uzun müddət metamfetamin qəbulu nəticəsində orqanizmin immunitetində kəskin problemlər ortaya çıxa bilər”, -deyə narkoloq bildirib.
Narkotik vasitələrin qəbulu çox ciddi sağlamlıq problemlərə, ağır fəsadlara və fəlakətli nəticələrə səbəb olur. Ona görə də onun zərərli nəticələri və sağlamlığa vurduğu geridönməz təsirlər yeniyetmə və gənclərə izah edilməli, onların həmin vərdişlərdən uzaq tutulması üçün ardıcıl maarifləndirici təbliğat aparılmalıdır.