NATO TÜRKİYƏYƏ YARDIM GÖSTƏRƏCƏKDİR
İraq hadisələri ilə əlaqədar Türkiyə ötən həftə NATO-ya müraciət edərək, Şimali Atlantika İttifaqının nizamnaməsinin 4-cü və 5-ci maddələrində bəyan edilmiş müddəaların tələblərinə əməl olunacağı barədə zəmanət verilməsini istəmişdi. NATO-nun fövqəladə iclası keçirilərkən Fransa, Almaniya və Belçika buna etiraz etdiyinə görə Türkiyə tələb olunan dəstəyi ala bilməmişdi. Həmin ölkələr belə mövqe tutduqlarına görə bu hərbi bloka üzv olan bir çox dövlətlər, o cümlədən ABŞ, İngiltərə və Hollandiya tərəfindən kəskin tənqid olundular.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, nəhayət, NATO Türkiyəyə yardım göstərilməsi haqqında qərar qəbul etdi. Bu qərara əsasən Türkiyəyə “Avaks” təyyarələri, “Patriot” raketləri, kimyəvi silahlardan qorunmaq üçün xüsusi müdafiə vasitələri və çoxlu atropin iynəsi göndəriləcəkdir. Hər hansı xarici təcavüz qarşısında Türkiyə NATO-nun himayəsi altına alınacaqdır.
ABŞ Türkiyədən əsgərlərinin ölkənin ərazisində yerləşdirilməsini və İraqa qarşı şimal cəbhəsinin açılmasını tələb edir. Türkiyənin Konstitusiyasına görə, hökumət bu barədə ölkənin parlamentindən müvafiq səlahiyyətlər almalıdır. Ancaq Cümhuriyyət Xalq Partiyasının parlamentdəki deputatları ABŞ əsgərlərinin Türkiyədə yerləşdirilməsinə etiraz edir. Ədalət və İnkişaf Partiyasının bir çox deputatı da İraq müharibəsinin əleyhinədir.
Fevralın 18-də müvafiq səlahiyyətlər almaq üçün Türkiyə hökumətinin parlamentə müraciəti gözlənilirdi. Lakin xalqın narazılığını, dünyanın hər yerində müharibə əleyhinə hərəkatın genişləndiyini, BMT, Avropa Birliyi və NATO-nun bu məsələdə hələ də yekdil və açıq mövqeyini bildirməməsi Türkiyə hökumətinin qərarına da öz təsirini göstərmişdir. Hökumət ölkənin parlamentinə müraciətini təxirə salmışdır.
Türkiyə müharibə baş verəcəyi halda ona dəyə biləcək iqtisadi zərərin ödəniləcəyi barədə ABŞ-dan yazılı təminat istəyir. ABŞ isə Türkiyə hökumətini tələsdirir və yaxın günlərdə müvafiq qərar qəbul etməyəcəyi halda Türkiyəsiz, başqa bir əməliyyat həyata keçirəcəyini vurğulayır. Türkiyə İraqla sərhəddə zəruri hərbi hazırlığını başa çatdırmışdır. İndi hər şey ABŞ-ın Türkiyənin iqtisadi tələblərinə cavabından və yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin hansı qərarı qəbul edəcəyindən asılıdır.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara