Naxçıvan Beynəlxalq Hava Limanının payız-qış mövsümündə fasiləsiz fəaliyyəti təmin olunacaq
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Bu il avqustun 28-də Naxçıvan Muxtar Respublikasında 2021-2022-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Beynəlxalq Hava Limanına da müvafiq tapşırıqlar verilib. Həmin tapşırıqların icrası istiqamətində görülən işlər nəticəsində ayrı-ayrı xidmət sahələrində qrafik üzrə nəzərdə tutulan işlər başa çatdırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qış mövsümündə hava gəmilərinin təhlükəsiz enib-qalxmasını təmin etmək məqsədilə xüsusi avtonəqliyyat vasitələri tam saz vəziyyətə gətirilib, texniki heyətlə məşğələlər keçirilib və uçuş-enmə zolağı, dönmə yollarının, perron ərazisinin qardan təmizlənmə proseduru işlənib hazırlanıb.
Hava limanının aerodrom təminatı xidmətinin rəisi Həmzə Həmzəli bildirib ki, 1 “Volvo”, l “Man”, 2 “Mercedes” markalı qartəmizləyən, 1 “Supra” markalı qaratan və l “Damman” markalı buz əleyhinə mayesəpən avtonəqliyyat vasitələri istənilən qarlı hava şəraitində uçuş-enmə zolağını, dönmə yollarını və perron ərazisini qardan və buzlaşmadan təmizləməyə imkan verir. Tam saz vəziyyətə gətirilmiş “ISUZU” və “Qlobal” markalı maşınlar isə hava gəmilərinin buzlaşmasına qarşı emalı üçün nəzərdə tutulub. Bütün bunlar isə Naxçıvan Beynəlxalq Hava Limanının soyuq qış mövsümündə də fasiləsiz fəaliyyət göstərməsinə imkan verir.