Naxçıvan Dövlət Universitetində gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimatı keçirilib
Naxçıvan, 13 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında 13 Noyabr - Beynəlxalq Gözdən Əlillər Gününə həsr olunmuş reabilitasiya mərkəzi ilə birgə hazırlanmış gözdən əlillər üçün oxunulan səsli kitabların təqdimatı keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, Elmi Kitabxananın direktoru Fariz Əhmədov bildirib ki, bu günə qədər kitabxanada 20-dən artıq kitab səsli oxunaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə qabiliyyəti məhdud şəxslərə təqdim edilib. Tələbələrin könüllü fəaliyyəti nəticəsində oxunulan kitabların sayı daha da artacaq.
Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Minurə Musayeva mərkəzdə görmə qabiliyyəti məhdud şəxslər üçün yaradılan şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, mərkəzdə 2013-cü il aprel ayının 3-də görmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audiokitabxana xidməti istifadəyə verilib. Azərbaycanda ilk dəfə olaraq yaradılan bu xidmətdən istifadə edən görmə qabiliyyəti məhdud şəxslər burada qeydiyyatdan keçərək yaşadıqları ünvandan ev telefonu vasitəsilə əlaqə saxlamaqla mərkəzin kitabxanasında olan audiokitabları dinləyə bilərlər. Eyni anda 30 nəfərin istifadə etdiyi mərkəzdə şəxslərə 24 saat ərzində fasiləsiz xidmət göstərilir. Universitetin Media Mərkəzi ilə birgə fəaliyyətin nəticəsində “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan 6 əsər oxunub montaj edilərək mərkəzin audiokitab fonduna təhvil verilib.
Mərkəzin görmə qabiliyyəti məhdud şəxslərinin kompüter üzrə mütəxəssisi Elməddin Kərimov görmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə inteqrasiyasından, onların fəaliyyətindən danışıb.
Tədbir müzakirələrlə davam edib.