Naxçıvan Dövlət Universitetində “Tələbə həftəsi” çərçivəsində intellektual oyun keçirilmişdir
Bakı, 14 noyabr (AZƏRTAC). “Tələbə həftəsi” Naxçıvan Dövlət Universitetində (NDU) maraqlı və yaddaqalan silsilə tədbirlərlə qeyd olunur.
Həftə ərzində təşkil olunan viktorina, idman yarışları, milli filmlərin nümayişi, konfranslar tələbələrdə vətənpərvərlik ruhunun aşılanması, onların əxlaqi-mənəvi tərbiyəsi, elmi və fiziki potensialın üzə çıxarılması baxımından əhəmiyyət kəsb edir. Universitetin tələbə gənclər təşkilatı tərəfindən keçirilən fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual oyunu bu cəhətdən xüsusi maraq doğurmuşdur.
NDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilmişdir ki, yarışdan əvvəl universitetin rektoru, professor Saleh Məhərrəmov tələbələrə Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında tələbə gəncliyə göstərilən diqqət və qayğıdan, ölkənin sağlam gələcəyini təmin etmək məqsədilə insan kapitalına, intellektual potensiala külli miqdarda dövlət sərmayəsi qoyulmasından bəhs etmişdir. Rektor tələbələrə uğurlar arzulayaraq oyunun obyektiv və şəffaf keçiriləcəyinə əminliyini vurğulamışdır. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədr müavini, Naxçıvan Dövlət Universiteti tələbə gənclər təşkilatının sədri Arzu Abdullayev çıxış edərək 17 noyabr beynəlxalq tələbə günü barədə məlumat vermişdir. Bildirilmişdir ki, 1946-cı ildə beynəlxalq tələbələr konqresində təsis edilmiş bu gün ölkəmizdə də ənənəvi şəkildə qeyd olunur. A.Abdullyev tələbələri bundan sonra da ölkənin ictimai-siyasi həyatında fəal iştiraka səsləmiş, onlara gələcəyin ixtisaslı mütəxəssisləri və ziyalıları kimi fəal vətəndaşlıq mövqeyi nümayiş etdirməyi arzulamışdır.
İntellektual yarışda dörd könüllü komandada daxil olmaqla, 14 komanda arasında gərgin mübarizə getmişdir. Üç mərhələdən ibarət olan oyunda sosial idarəetmə fakültəsinin “Naxçıvan” komandası birinci yeri tutmuşdur. Yığma komanda olan “G-6” və beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin “Zismures” komandaları isə ikinci və üçüncü yerləri bölüşmüşlər.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılmışdır.
Birinci və ikinci yerləri tutan komandalar “Nə? Harada? Nə zaman?” intellektual oyununun Bakı şəhərində keçiriləcək final mərhələsində Naxçıvan Dövlət Universitetini təmsil etmək hüququ qazanmışlar.