Naxçıvan Dövlət Universitetində təşkil edilən ilk laborator-təlimlər uğurla başa çatıb
Naxçıvan, 3 fevral, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində muxtar respublika üzrə ümumtəhsil məktəblərinin fizika, kimya və biologiya müəllimləri üçün 5 günlük laborator-təlim təşkil olunub. Hər ixtisasdan 30 nəfər olmaqla ümumilikdə 90 müəllimin iştirak etdiyi təlim uğurla başa çatıb.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev müəllimlərin gələcək peşə bacarıqlarının, təcrübi biliklərinin artırılmasına xidmət edən təlimin əhəmiyyətini vurğulayıb. Zəngin maddi-texniki bazaya malik universitetdə tibb, fizika, kimya laboratoriyalarında olan müasir avadanlıqların vəziyyətindən söz açan rektor bildirib ki, laboratoriyalarda yaradılan imkanlar bu ixtisaslarla bağlı biliklərin təcrübi sürətdə mənimsənilməsinə xidmət edir.
Elbrus İsayev müvafiq sərəncamlara uyğun olaraq ali və orta məktəblərin birgə fəaliyyətinin səmərəsini, qarşılıqlı sürətdə aparılan işlərin gələcək peşə hazırlığı istiqamətində əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edib ki, orta məktəblərdə dərsliklərlə tanış olmaq, orada göstərilən mövzulara uyğun təcrübələr aparmaq, müəllimlərin bu sahə üzrə təkliflərini dəyərləndirmək laborator məşğələlərin keyfiyyətini artıran məsələlərdəndir.
Muxtar respublikada təhsil və ixtisaslı mütəxəssis hazırlığının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov deyib ki, burada təhsilə göstərilən dövlət qayğısının, 200-dən çox təhsil müəssisəsinin tikilməsi və yenidən qurulması, maddi-texniki bazasının yaxşılaşdırılması, elektron lövhə və kompüterlərlə, dərsliklərlə, fənn kabinələri və laboratoriyalarla təminatı nəticəsində təhsilin keyfiyyəti hər il daha da yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir.
Təhsil naziri vurğulayıb ki, ümumtəhsil məktəblərində dəqiq elmlərin tədrisi səviyyəsinin yaxşılaşdırılması, müəllimlərin peşə hazırlıqlarının yüksəldilməsi, şagirdlərin bu sahə üzrə bilik və qabiliyyətlərinin artırılması diqqətdə saxlanılır. Elmi dərəcəsi olan universitet müəllimlərinin ayda bir dəfə olmaqla orta məktəblərdə keçdikləri dərslər şagirdlərin ixtisas seçiminə, gələcək peşə bacarıqlarının müəyyənləşdirməsinə şərait yaradır.
Müəllimlərin təcrübi bacarıqlarının laborator-təlimlərin artırılmasında böyük əhəmiyyətə malik olduğunu deyən Rəhman Məmmədov gələcək əməkdaşlıq məsələlərinə toxunub.
Müəllimlər onlar üçün yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Sonda təlimi uğurla başa vuran müəllimlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimçilər universitetin yüksəkixtisaslı peşəkar professor-müəllim heyəti arasından seçilib. Bu sahə üzrə yüksək bacarığa malik peşəkar kadrlar öz laborator təcrübələrini əyani şəkildə orta məktəb müəllimlərinə nümayiş etdiriblər.