SİYASƏT
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü qeyd olunmuşdur
Naxçıvan, 15 noyabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 21-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Saleh Məhərrəmov YAP-ın zamanın tələbindən yaranan partiya olduğunu bildirmiş, həmin dövrdə ölkədə yaranmış böhranlı vəziyyəti xatırlatmışdır. Qeyd olunmuşdur ki, müstəqilliyimizin ilk illərində ölkəyə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan, şəxsi maraqlarını xalqın və dövlətin mənafeyindən üstün tutan şəxslərin rəhbərlik etməsi Azərbaycanı uçurum kənarına gətirib çıxarmışdı. Bir tərəfdən iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi, digər tərəfdən ordunun ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsinin nəticəsi olaraq, ərazilərimiz ermənilər tərəfindən işğal edilmiş, insanların gələcəyə ümidi itməyə başlamışdı.
Tədbirdə vurğulanmışdır ki, belə bir çətin günlərdə xalq üzünü öz xilaskarına tutdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda Azərbaycanın əksər bölgələrini, cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmiş, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir. Bununla da, ölkəmizin ictimai-siyasi həyatına qüdrətli bir siyasi təşkilat daxil olmuşdur. YAP-ın ümumxalq partiyasına çevrilməsi onun gücünü, nüfuzunu daha da artırmışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvü biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun “Yeni Azərbaycan Partiyası: yaranma səbəbləri və keçdiyi yol”, universitetin tələbəsi Zəhra Qənbərovanın “ulu öndər Heydər Əliyev və dövlətçilik strategiyası” mövzularında məruzələri dinlənilmişdir.
Bildirilmişdir ki, böyük sınaqlardan çıxmış YAP 21 il ərzində öz sıralarını genişləndirərək xalqın partiyasına çevrilmişdir.
Sonda YAP sıralarına yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim edilmişdir.