Naxçıvan karateçiləri dünya birinciliyində uğurlu nəticələr qazanıblar
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində Karate üzrə XI dünya şotokan çempionatı keçirilib. Üç kateqoriyada keçirilən nüfuzlu yarışda 30 ölkədən 1076 idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Karate-do Federasiyasının 3 idmançısı milli komandamızın heyətində ölkəmizi təmsil edib və hər biri mükafatçılar sırasına düşüb: Canər Abbasazdə (12-13 yaş) “WKF” üzrə 3-cü yeri, Məhəmməd Bağırov (14-15 yaş) “Shobu ippon” üzrə 2-ci yeri, Rəşad Qasımov (18-20 yaş) “Shobu ippon” üzrə 3-cü yeri qazanıb. Bu yaş qrupunda milli komandanın üzvləri komanda kumite yarışında iştirak etmədiyi üçün Rəşad Qasımov Türkiyə komandalarından birinin tərkibində yarışa qatılaraq 2-ci yeri tutub.
Qeyd edək ki, müxtəlif kateqoriyalarda çıxış edən klub və milli komanda üzvlərinin nəticələrinə əsasən Azərbaycan karateçiləri, ümumilikdə, 29 medal qazanıb. Mükafatlardan 13-ü qızıl, 6-sı gümüş, 10-u isə bürüncdür.
Naxçıvanlı idmançılarımız bu uğuru 8 Noyabr - Zəfər Gününə həsr ediblər.