NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ GÖRÜŞ
Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov konfransın birinci iş günü barədə məlumat vermişdir.
Ali Məclisin sədri qonaqları səmimiyyətlə salamlamış, əldə olunan sabitlik nəticəsində muxtar respublikada iqtisadi nailiyyətlərin qazanıldığını, bu uğurların da turizmin inkişafı üçün geniş imkanlar açdığını bildirmiş, muxtar respublikanın ərazisi, əhalisi, coğrafi mövqeyi, milli mənəvi dəyərləri, təbii ehtiyatları, idarəetmə quruluşu barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvan 15 ildən artıqdır ki, blokada şəraitindədir. Buna baxmayaraq muxtar respublikada bütün sahələr yüksək ahənglə inkişaf edir. Burada 15 minə yaxın mənzil qazla təmin olunub, daimi elektrik enerjisi verilir, yeni müəssisələr, iş yerləri yaradılmışdır.
Ali Məclisin sədri demişdir ki, Naxçıvan Muxtar Respublikasının Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, füsunkar təbiəti, iqlimi, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri, milli mənəvi dəyərləri turizmin inkişafı üçün geniş imkanlar açır.
Muxtar respublikada beynəlxalq tələblərə cavab verən hava limanının olması, qardaş Türkiyə və İran ilə sıx tərəfdaşlıq, bu ölkələrlə qurulan möhkəm əlaqələr, muxtar respublikada tikilən müasir hotellər turizmin inkişafı üçün zəmin yaradır. Eyni zamanda avtomobil yollarının, tarix və mədəniyyət abidələrinin bərpası, “Duz dağ” və “Darı dağ” kimi şəfa-sağlamlıq ocaqlarının mövcudluğu, insanların əsil inanc yerinə çevrilən ziyarətgahların olması, ekoloji mühitin saflığı muxtar respublikanın turizm potensialının göstəriciləridir.
“Sevgün” firmasının direktoru Bahadur Bilalov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinin əhəmiyyətindən söz açmış, səmimi görüşə görə Ali Məclisin sədrinə konfrans iştirakçıları adından minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin sədri qonaqlara “2000-2005-ci illərdə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf” kitabını hədiyyə etmişdir.