Naxçıvan Muxtar Respublikasına yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilib
Naxçıvan, 15 mart, AZƏRTAC
Muxtar respublikada yaz-tarla işlərinin başladığı bu günlərdə tələbata uyğun kənd təsərrüfatı texnikaları və avadanlıqlarının alınıb gətirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki aqrar sahənin inkişafında, ərzaq məhsulları istehsalının artırılmasında və itkisiz məhsul yığımında başlıca amillərdən biri də torpaq mülkiyyətçilərinin və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunmasıdır. Son illər muxtar respublikada kənd təsərrüfatında mütərəqqi metodların tətbiqinə başlanıb, müasir texnikalar və texnoloji avadanlıqlar alınaraq əlverişli şərtlərlə sahibkarlara verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov məlumat verərək deyib ki, cəmiyyət tərəfindən bu günə qədər muxtar respublikaya 1925 texnika və texnoloji avadanlıq alınıb gətirilib, onlardan 1507-i sahibkarlara satılıb. Əkin sahələrinə uyğun bölgü aparılaraq gətirilmiş texnika və texnoloji avadanlıqlardan 119-u yerli bazalara icarəyə verilib. Bundan başqa 1927 baş damazlıq cins mal-qara xarici ölkələrdən alınaraq muxtar respublikaya gətirilib və lizinq yolu ilə fermerlərə satılıb. Cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların, fermerlərin, kənd əməkçilərinin sifarişləri əsasında 22 adda müxtəlif xidmətlər göstərir. Muxtar respublikada yaz-tarla işlərinin başlaması ilə əlaqədar texnikalar əsaslı təmir edilib və əkin işlərinə başlanıb.
Yeni alınan texnikalara baxış zamanı bildirilib ki, sərfəli şərtlərlə uzun müddətə lizinqə verilən kənd təsərrüfatı texnikaları həm də iqtisadi cəhətdən səmərəlidir. Ötən il 9 “New Holland” markalı traktor, 25 kotan, 90 əl üçün ot biçən, 6 dəst yağış üsulu ilə suvarma sistemi və digər texnoloji avadanlıqlar olmaqla 240 ədəd texnika alınaraq muxtar respublikaya gətirilib. Hazırda muxtar respublikada yeni alınan suvarma sistemləri də 40 faiz güzəştlə satılır. 2017-ci ilin ötən dövründə isə 41 texnika alınıb. Onlardan 9-u kotan, 6-sı gübrəsəpən, digərləri isə müxtəlif texnika və texnoloji avadanlıqlardır. Müasir texnika və avadanlıqlar əkin sahələrində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir.
Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılan bitkiçilik və heyvandarlıq aptekinə də baxıb. Qeyd olunub ki, muxtar respublikada bitkiçilik, heyvandarlıq və arıçılıq sahələrində xəstəliklərə və zərərvericilərə qarşı mübarizə aparılması məqsədilə cəmiyyətin özündə və hər bir rayon bazasında bitkiçilik və heyvandarlıq apteki yaradılıb. Apteklərdə kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir.
Cəmiyyətin anbarlarında müxtəlif kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri vardır. Gübrə anbarlarında da tələbata uyğun ehtiyat yaradılıb.
Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin sifariş əsasında alınıb gətirilməsi, aqrar sahədə mütərəqqi metodların tətbiqi ilə bağlı maarifləndirmə və izahat işlərinin aparılması, bu işdə televiziyanın imkanlarından istifadə olunması ilə bağlı tapşırıqlar verib.