Naxçıvan torpağının yetirdiyi sənətkarlar kino sənətimizin inkişafına mühüm töhfə verib
Naxçıvan, 11 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 25 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ardıcıl iş aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu məqsədlə Naxçıvan Müəllimlər İnstitutunda tələbələrə “Azərbaycan kinosu” haqqında mühazirə oxunub, “Eviniz abad” filminin nümayişi təşkil olunub.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov bildirib ki, hərəkət edən fotoşəkillərin kəşfinin özü əsl möcüzə idi. Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino həyatımıza dərindən nüfuz edib və onun ayrılmaz tərkib hissəsinə çevrilib. Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. Həmin dövrdəki ilk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetlər - “Bibiheybətdə neft fontanı yanğını”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi”ndən və bir bədii kinosüjetdən - “İlişdin”dən ibarət idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Kinosu Gününün təsis edilməsi haqqında” 2000-ci il 18 dekabr tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə “Azərbaycan Kinosu Günü” kimi qeyd olunur.
Azərbaycan kino sənətinin inkişafında Naxçıvan torpağının yetirdiyi sənətkarlar Qəmər Salamzadə, Rza Təhmasib, Həbib İsmayılov, Məmmədhüseyn Təhmasib, Şamil Mahmudbəyov, Ramiz Mirişli, Elxan Qasımov və başqalarının dəyərli xidmətləri olub. Unudulmaz filmlərimizdən olan “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Əzablı yollar”, “Gümüşgöl əfsanəsi”, “Doğma sahillər” və başqa ekran əsərlərinin müəyyən hissələri və natura çəkilişləri Naxçıvan Muxtar Respublikasında aparılıb.
Naxçıvan Dövlət Film Fondunun direktoru Mirsadıq Ağazadənin rejissorluğu ilə çəkilən “Eviniz abad” bədii filmi haqqında ətraflı məlumat verib, sonra film nümayiş etdirilib.
Film tələbələr tərəfindən maraqla qarşılanıb.