CƏMİYYƏT
Naxçıvanda dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsi istiqamətində ardıcıl addımlar atılır
Naxçıvan, 10 iyun (AZƏRTAC, Rauf Əliyev). Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Bakı şəhərindəki Endokrinoloji Mərkəzin və Naxçıvan Muxtar Respublikası (MR) Endokrinoloji Dispanserinin birgə təşkilatçılığı ilə “Endokrinologiyanın aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, muxtar respublikanın 90 illiyinə həsr olunan konfransda Naxçıvan MR Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov dünya səhiyyə sisteminin müasir nailiyyətlərini öyrənmək, onlardan faydalanmaq baxımından belə tədbirlərin əhəmiyyətini vurğulamış, vətəndaşların sağlamlığının qorunması istiqamətində muxtar respublika rəhbərinin dəstəyi sayəsində son illər görülən işlərdən danışmışdır.
Bakı şəhərindəki Endokrinoloji Mərkəzin direktoru Rauf Cabbarov “Şəkərli diabet və onun müalicə prinsipləri” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir. Hazırda dünyada 250 milyondan çox şəkərli diabet xəstəsi vardır. Hər il qeydə alınan ölüm hallarının 5 faizi bu xəstəlik nəticəsində baş verir. Odur ki, şəkərli diabetlə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir.
Elmi-praktik konfransda Bakı şəhərindəki Endokrinoloji Mərkəzin həkim-endokrinoloqları Zərifə Əliyevanın “Diabetik neyropatiyanın diaqnostikası və müasir müalicə prinsipləri”, Ülviyyə Əliyevanın “Diabetik nevropatiyanın diaqnostikası və müasir müalicə prinsipləri” mövzularında məruzələri dinlənilmişdir.
Məruzələrdə şəkərli diabetin tipləri, risk faktorları, diaqnostikası, dərman vasitələrinin seçilməsi və müalicə işinin təşkilində müasir üsullar barədə məlumat verilmişdir.
Konfransda müzakirələr aparılmış, suallar cavablandırılmış, tədbir iştirakçılarına kitabça və bülletenlər paylanılmışdır.
Bakıdan gələn yüksək ixtisaslı həkimlər Endokrinoloji Dispanserin endokrinoloqları ilə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifləndirməsi işi aparmış, Şahbuz rayonunda 49, Ordubad rayonunda isə 45 nəfər bu qəbildən olan xəstəyə baxmış, onlara tibbi məsləhətlər vermişlər.