NAXÇIVANDA GÖRÜLƏN İŞLƏR YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti Heydər Əliyevin dövlət strukturlarının rəhbərlərinə verdiyi tapşırığa əsasən, daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 29-dan 30-dək Naxçıvanda olmuş, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovla birlikdə Daxili Qoşunların Naxçıvanda yerləşən hərbi hissəsinin şəxsi heyəti ilə görüşmüşdür.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan Prezidenti, Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən islahatlardan, ordu quruculuğunda, hərbi qulluqçuların fəaliyyətinin və peşəkarlığının yüksəldilməsi sahəsində görülən tədbirlərdən, əldə olunmuş uğurlardan söhbət getmişdir. Nazir Ramil Usubov hərbi hissənin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, hərbi qullqçuların məişət və xidmət şəraitinin yaşılaşdırılması, gündəlik ehtiyaclarının ödənilməsi işinə göstərdiyi qayğı və diqqətə görə, Ali Məclisin sədri Vasif Talıbova minnətdarlığını bildirmişdir.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikada əldə edilmiş nailiyyətlərin bu ilin iyun və avqust aylarında Azərbaycan Prezidentinin blokada şəraitində yaşayan MR-ə səfərləri zamanı qarşıya qoyduğu vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsi olduğunu bildirmişdir.
Daxili işlər naziri Ramil Usubov noyabrın 30-da Sədərək rayon Dövlət yanğın təhlükəsizliyi xidmətinin yeni inzibati binasının açılış mərasimində də iştirak etmiş, Sədərək və Şərur rayon polis şöbələrində şəxsi heyətlə görüşmüşdür.