REGİONLAR
Naxçıvanda ipoteka kreditlərinin məbləğlərində dəyişiklik edilərək maksimal həddə çatdırılıb
Naxçıvan, 3 oktyabr, AZƏRTAC
Ölkəmizdə, eləcə də onun ayırlmaz tərkib hissəsi olan muxtar respublikada gənc ailələrin mənzilə olan tələbatının qarşılanması, rifahının yaxşılaşdırılması məsələsi prioritet vəzifə kimi müəyyən edilib. Bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müşavirədə “Naxçıvan İpoteka Fondu” ASC-yə bir sıra tapşırıqlar verilərək gənc ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar adi ipoteka və güzəştli ipoteka kreditlərinin məbləğlərində dəyişiklik edilməsi, məbləğlərin ölkə səviyyəsinə uyğunlaşdırılması müəyyən edilib.
Məlumat üçün bildirək ki, bununla əlaqədar olaraq “Naxçıvan İpoteka Fondu” ASC artıq oktyabrın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında əhalinin ipoteka kreditlərinə əlçatanlığının artırılması məqsədilə ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditinin maksimal məbləğini artıraraq 8 faizli ipoteka krediti 150 min manata, 4 faizli ipoteka krediti isə 100 min manata çatdırılıb. Gənc ailələr fondun müvəkkil bankları ilə əlaqə saxlayıb maksimal məbləğdə ipoteka kreditlərindən yararlana biləcəklər.
Qeyd edək ki, kreditlərin ayrılması üçün “Naxçıvan İpoteka Fondu” ASC-yə tələb olunan miqdarda vəsait ayrılıb.