Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslər və ahıllar qayğı ilə əhatə olunublar
Naxçıvan, 6 fevral, AZƏRTAC
Ötən il 234 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslərə evlərində, 6 nəfərə Ahıllar evində sosial xidmət göstərilib, Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 379 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 435 uşağın müalicəsi təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 2019-cu ildə sağlamlıq imkanları məhdud 860 nəfər sanatoriya-kurortlara yollayışlarla, 420 nəfər texniki reabilitasiya vasitələri ilə təmin olunub, 212 nəfərə protez-ortopediya xidmətləri göstərilib.
Məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgidə sağlamlıq imkanları məhdud və ahıl 37 müəllifin 288 adda rəsm və əl işi nümayiş etdirilib. Sağlamlıq imkanları məhdud qadınlarla bağlanmış müqavilələrə əsasən yun corab və şərf toxunmasına başlanılıb, 3000 cüt yun corab və 400 ədəd yun şərf hərbi hissələrə təhvil verilib.