REGİONLAR
Naxçıvanda uşaqların istedad və bacarıqlarının üzə çıxarılması üçün innovativ dərnəklər təşkil olunur
Naxçıvan, 2 noyabr, AZƏRTAC
Muxtar respublikada uşaqların təhsili ilə yanaşı, asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün də zəruri tədbirlər görülür, məktəbdənkənar müəssisələrdə müasir tədris şəraiti qurulur və müxtəlif innovativ dərnəklər yaradılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərin fəaliyyəti ilə bağlı keçirilən yığıncaqda bu sözləri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov deyib.
Təhsilə göstərilən dövlət qayğısından danışan Rəhman Məmmədov qeyd edib ki, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətində əsas amillərdən biri də innovativ dərnəklər üzrə kadr hazırlığıdır. Bu baxımdan Təhsil Nazirliyi tərəfindən qısa müddət ərzində dərnək rəhbərlərinə robotexnika, mental aritmetika, qum sənəti, ebru sənəti, xalçaçılıq, dulusçuluq, ağac üzərində oyma, metal üzərində bədii döymə, rəqs, gimnastika dərnəkləri üzrə kurslar təşkil edilib. Rəsm və digər yaradıcı dərnəklər üzrə ustad dərslər keçilib, yeni innovativ dərnəklər üzrə muxtar respublikada ilk dəfə olaraq sərgi-müsabiqələr təşkil olunub.
Təhsil naziri vurğulayıb ki, muxtar respublikanın şəhər və rayonlarında məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti gücləndirilməli, dərnəklər şagirdlərin müasir texnologiyaların mənimsənilməsinə, yeni bilik və bacarıqlara yiyələnməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına xidmət etməlidir.
Şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlbinin, təlim-tərbiyə prosesinin təşkilinin və nizam-intizam qaydalarına riayət edilməsinin vacibliyini qeyd edən Rəhman Məmmədov bildirib ki, yeni yaradılan innovativ dərnəklərin tədrisinə nəzarət artırılmalı, bu dərnəklərə cəlb olunan yaradıcı və istedadlı şagirdlərin hərtərəfli hazırlanmasına, xüsusi istedada malik şagirdlərə düzgün istiqamət verilməsinə yardım göstərilməlidir. Yeni profilli dərnəklərin tədris vəsaitləri və proqram materialları hazırlanmalı, dərnək üzvlərinin əl işləri və bacarıqlarını nümayiş etdirən sərgi-müsabiqələr keçirilməli, Robotexnika-STEAM kabinələrinin imkanlarından yararlanaraq hər il keçiriləcək “STEAM təhsil festivalı”na ciddi hazırlıq işləri görülməlidir.
Yığıncaqda Şərur, Ordubad və Culfa Rayon Təhsil şöbələrinin müdirləri innovativ dərnəklərin fəaliyyəti ilə bağlı məlumat veriblər.