NAXÇIVANDA XALQ ARTİSTİNİN YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Naxçıvanda Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoyun 50 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan MR mədəniyyət və turizm naziri Sarvan İbrahimov ölkəmizdə mədəniyyətə, incəsənətə göstərilən yüksək qayğıdan, ölkə başçısının Naxçıvan Teatrının 125 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamın əhəmiyyətindən, sənət adamlarının yaradıcılığına verilən qiymətdən danışmışdır. Bildirmişdir ki, Naxçıvan teatrının səhnəsində 60-a qədər tamaşada, onlarla yaddaqalan və unudulmaz obrazlar yaradan Həsən Ağasoy həmişə tamaşaçını öz obrazlarının təbiiliyinə inandırmış və surətin daxili aləmini yüksək sənətkarlıqla açıb göstərə bilmişdir. Məhz buna görə də Həsən Ağasoy Naxçıvan ictimaiyyəti arasında nüfuz və böyük tamaşaçı sevgisini qazana bilmişdir. Səhnə xidmətlərinə görə Həsən Ağasoyun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirmişdir. O, 1984-cü ildə Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar, 1999-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Sonra Həsən Ağasoyun səhnə dostlarından Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev, əməkdar artistlər Rza Xudiyev, Nəzakət Xudiyeva və başqaları aktyor haqqında ürək sözlərini bölüşmüşlər.
Həsən Ağasoy tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.