Naxçıvandakı təbii müalicə mərkəzlərinə mediatur təşkil edilib
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının sanatoriya-kurort yollayışı verilən müalicə mərkəzlərinə mediatur təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, media nümayəndələri “Duzdağ” Fizioterapiya Mərkəzinə, “Darıdağ” Arsenli Su Müalicəxanasına və Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinə gəlib, burada şəhid ailələrinin üzvlərinə, qazilərə, həmçinin digər kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərlə tanış olublar. “Duzdağ” Fizioterapiya Mərkəzinin effektiv müalicəsini qəbul edən şəxslər mərkəzin imkanlarının bu baxımdan əvəzsiz olduğunu bildiriblər.
Məlumat verilib ki, sözügedən mərkəzlərə bronxial astma, əsəb, qaraciyər və öd yolları, revmotoloji və başqa xəstəlikləri olan vətəndaşlar qəbul edilir, onlar səmərəli fizioterapevtik müalicə prosedurlarından keçirlər. Bu prosedurlar nəticəsində xəstələrdə pozitiv dəyişikliklər müşahidə edilir. Pasiyentlər “Darıdağ” Arsenli Su Müalicəxanasında 9 günlük prosedurdan sonra xəstəliklərinin xeyli yüngülləşdiyini vurğulayıblar.
Qeyd edək ki, hər il ölkəmizin müxtəlif bölgələrindən bu kateqoriyadan olan şəxslər muxtar respublikaya gəlir və buradakı müxtəlif təyinatlı tibbi müəssisələrdə zəruri tibbi müayinədən keçirlər.
Mediatur çərçivəsində qonaqların muxtar respublikanın turizm obyektlərinə gəzintisi də təşkil olunub.