Naxçıvanın tranzit imkanlarını artıran strateji layihə - Zəngəzur dəhlizi VİDEO
Naxçıvan, 13 avqust, AZƏRTAC
Zəngəzur dəhlizi (TRIPP) üzrə dəmir yolu layihələrinin icrası Azərbaycanın nəqliyyat xəritəsində yeni mərhələnin əsasını formalaşdıracaq. Burada söhbət yalnız yeni dəmir yolu xətlərinin çəkilməsindən getmir. Bu layihələr Azərbaycanın qərb rayonlarını Naxçıvanla, Naxçıvanı isə Türkiyə ilə birləşdirəcək vahid və fasiləsiz nəqliyyat sisteminin yaradılmasına hesablanıb. Bu baxımdan dəhlizin dəmir yolu komponenti həm ölkənin tranzit imkanlarının genişləndirilməsi, həm də Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihələrin tam reallaşması ilə Azərbaycan ərazisindən keçən dəmir yolu xəttinin illik buraxılış qabiliyyətinin 15 milyon tona çatdırılması nəzərdə tutulur. Bu göstərici gələcəkdə həm daxili, həm də beynəlxalq yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması üçün geniş imkanlar yaradacaq. Beləliklə, dəmir yolu infrastrukturu Azərbaycanın Şərq-Qərb nəqliyyat marşrutlarındakı rolunu daha da gücləndirən əsas amillərdən birinə çevriləcək. Artıq bu istiqamətdə real nəticələr də var. Horadiz–Yuxarı Mərcanlı–Soltanlı stansiyalarını əhatə edən 30 kilometrlik hissənin müvəqqəti istismara verilməsi və 2024-cü ilin mayından “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına yükdaşımaların həyata keçirilməsi layihənin mərhələli şəkildə praktik nəticəyə çevrildiyini göstərir. İndiyədək bu istiqamətdə 43 min ton yükün daşınması dəmir yolu xəttinin yalnız gələcək perspektiv deyil, artıq formalaşan iqtisadi əhəmiyyətini də nümayiş etdirir.
Zəngəzur dəhlizinin Naxçıvan istiqamətində isə daha genişmiqyaslı infrastruktur yenilənməsi nəzərdə tutulur. 2025-ci ildən Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinə başlanılması bu prosesdə yeni mərhələ yaradıb. Mövcud 188 kilometrlik xəttin yeni layihə üzrə 194,2 kilometrə çatdırılması, 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması Naxçıvanın dəmir yolu infrastrukturunun texniki və funksional imkanlarını əhəmiyyətli dərəcədə artırmağa hesablanıb.

Layihənin ən diqqətçəkən istiqamətlərindən biri Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinədək olan 7 kilometrlik hissədə işlərin artıq tikinti mərhələsinə keçməsidir. Layihələndirmənin tamamlanması, mühəndislik və infrastruktur işlərinin bir hissəsinin yekunlaşdırılması, əraziyə 7 kilometrlik rels və 7 min şpalın gətirilməsi praktiki icra mərhələsinin sürətləndiyini göstərir. Sentyabrın sonunadək yolun üst quruluşunun 6,3 kilometrlik hissəsinin quraşdırılmasının planlaşdırılması isə işlərin konkret qrafik üzrə davam etdirildiyini göstərən mühüm göstəricidir.
Bununla yanaşı, Ermənistanla sərhəd istiqamətində qalan hissənin inşası minatəmizləmə və layihələrin uzlaşdırılması prosesləri ilə birbaşa əlaqəlidir. Bu mərhələdə TRIPP marşrutu üzrə layihənin hazırlanması və müxtəlif tərəflərin həyata keçirdiyi infrastruktur layihələrinin texniki baxımdan əlaqələndirilməsi dəhlizin bütövlükdə səmərəli fəaliyyət göstərməsi üçün xüsusi əhəmiyyət daşıyır.
Naxçıvanın Türkiyə ilə dəmir yolu bağlantısının perspektivi isə layihənin regional əhəmiyyətini daha da artırır. Sədərək stansiyasından Türkiyə sərhədinədək olan hissənin Qars–İğdır–Dilucu dəmir yolu ilə texniki və layihə baxımından uyğunlaşdırılması nəzərdə tutulur. Türkiyə tərəfindən bu istiqamətdə layihələndirmə işlərinin aparılması gələcəkdə Naxçıvanın Türkiyənin dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün mühüm zəmin formalaşdırır.
Ümumilikdə onu qeyd etmək olar ki, Zəngəzur dəhlizi üzrə dəmir yolu layihələri Azərbaycanın regional nəqliyyat və logistika imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın qərb rayonlarından Naxçıvana, oradan isə Türkiyəyə uzanan fasiləsiz dəmir yolu bağlantısının yaradılması yükdaşımaların sürətinin və həcminin artmasına, Naxçıvanın isə tranzit imkanlarının genişlənməsinə şərait yaradacaq. Bu baxımdan, dəhliz Naxçıvanın əlverişli coğrafi mövqeyinin iqtisadi və nəqliyyat üstünlüklərinə çevrilməsi üçün yeni imkanlar formalaşdıracaq. Dəmir yolu infrastrukturunun inkişafı, sərhədyanı bağlantıların qurulması və Türkiyənin dəmir yolu şəbəkəsinə inteqrasiyanın təmin edilməsi Naxçıvanın regional nəqliyyat sistemində rolunu daha da gücləndirəcək. Eyni zamanda, layihələrin həyata keçirilməsi Azərbaycanın Şərq-Qərb və daha geniş Avrasiya nəqliyyat marşrutlarında mövqeyini möhkəmləndirərək ölkənin mühüm tranzit və logistika qovşaqlarından birinə çevrilməsi istiqamətində əlavə imkanlar yaradacaq.
Müxbir- Nail Əsgərov