NAZİRLƏR KABİNETİ OBYEKTLƏRDƏ ELEKTRİK, QAZ VƏ SU SAYĞACLARININ QURAŞDIRILMASI HAQQINDA QƏRAR QƏBUL ETMİŞDİR
Həmin qərara əsasən:
Respublika ərazisində mülkiyyət formasından, maliyyələşmə mənbəyindən və təyinatından asılı olmayaraq, 2004-cü il sentyabrın 1-dən etibarən layihələndirilən və istismara qəbul edilən bütün obyektlərdə (o cümlədən, yaşayış evlərində hər bir mənzildə) mütləq qaydada elektrik, qaz və su sayğaclarının quraşdırılması nəzərdə tutulmalı və icra olunmalıdır.
“Azərsu” Səhmdar Cəmiyyəti içməli su təchizatı üzrə balanslarında olan artezian quyularında və digər su mənbələrində öz vəsaitləri hesabına iki il müddətində su sayğaclarının qoyulmasını təmin etməlidir.
İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, “Azərenerji”, “Azəriqaz” və “Azərsu” səhmdar cəmiyyətlərinə tapşırılmışdır ki, mülkiyyət növündən asılı olmayaraq, indiyədək tikilib istifadəyə verilmiş və istismarda olan bütün obyektlərdə (o cümlədən, yaşayış evlərində hər mənzildə) elektrik, qaz və su sayğaclarını quraşdıracaq icraçı təşkilatlar, bu işlərin maliyyələşdirmə mənbəyi və icra müddətləri haqqında razılaşdırılmış təkliflərini qərar qəbul olunması üçün iki ay müddətinə Nazirlər Kabinetinə təqdim etsinlər.
Dövlət Tikinti və Arxitektura Komitəsinə, “Azərsu” Səhmdar Cəmiyyətinə, şəhər və rayon icra hakimiyyətlərinə bu qərarın 1-ci bəndindəki tələblərə cavab verməyən obyektlərin tikintisinə və istismara qəbuluna yol verilməməsi üçün öz səlahiyyətləri daxilində bütün lazımi tədbirləri görmək tapşırılmışdır.
Respublikada yeni iş yerlərinin yaradılması və yerli istehsalın stimullaşdırılması məqsədi ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə və sayğacların istehsalı ilə məşğul olmaq istəyən digər yerli istehsalçılara tapşırılmışdır ki, Dövlət Tikinti və Arxitektura Komitəsi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, “Azəriqaz”, “Azərsu” səhmdar cəmiyyətləri və digər kommunal xidməti göstərən təşkilatların texniki təklifləri nəzərə alınmaqla, beynəlxalq standartlara cavab verən və rəqabət qabiliyyətli elektrik, qaz və su sayğaclarının istehsalını təşkil etsinlər.
İqtisadi inkişaf Nazirliyi bu sayğacların istehsalının təşkili üçün Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə və sayğacların istehsalı ilə məşğul olmaq istəyən digər yerli istehsalçılara lazımi kömək göstərməlidir.
Qərarın icrası ilə bağlı Dövlət Tikinti və Arxitektura Komitəsinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə konkret tapşırıqlar verilmişdir.
Bütün əlaqədar təşkilatlar elektrik, qaz və su sayğaclarının Dövlət reyestrinə daxil edilməli olan məlumatları müvafiq qaydada Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə təqdim etməlidirlər.
Qərar imzalandığı gündən qüvvəyə minmişdir.