NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Qonağı səmimiyyətlə salamlayan Baş nazir Artur Rasizadə bütün beynəlxalq tədbirlərdə Səudiyyə Ərəbistanının ölkəmizə daim dəstək verdiyini, Azərbaycanın haqq işini müdafiə etdiyini və hər cür kömək göstərməyə hazır olduğunu yüksək dəyərləndirmişdir. İkitərəfli faydalı əməkdaşlığımızın böyük perspektivlərə malik olduğunu vurğulayan Baş nazir, sosial sahədə, xüsusən vətəndaşların pensiya təminatı və sığorta sistemində Səudiyyə Ərəbistanı Krallığı Ali Sosial Sığorta Təşkilatının təcrübəsindən bəhrələnməyin vacib olduğunu söyləmişdir.
Səmimi görüşə görə Baş nazirə minnətdarlığını bildirən Şeyx Soliman əl-Humayd son illər Azərbaycanda iqtisadi islahatların uğurla aparıldığını və qazanılan nailiyyətlər sahəsində sosial sahədə də bir çox yeniliklərin olduğunu qeyd etmişdir. Səudiyyə Ərəbistanında sosial təminat sahəsində qazanılmış təcrübəni azərbaycanlı həmkarları ilə hər zaman bölüşməyə hazır olduqlarını, bunun üçün təmsil etdiyi qurum tərəfindən bütün lazımi köməyin göstəriləcəyini diqqətə çatdıran Şeyx Soliman əl-Humayd, eyni zamanda Azərbaycanın sosial müdafiə sistemindəki nailiyyətlərdən də bəhrələnməyin onlar üçün faydalı olacağını bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov görüşdə iştirak etmişdir.