NAZİRLƏR KABİNETİNDƏ GÖRÜŞ
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iyulun 31-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Belarusun səhiyyə naziri Vasili Jarko ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Belarusun dövlət və hökumət başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı əldə olunmuş razılaşmalardan sonra ölkələrarası münasibətlərin bir çox sahələrində səmərəli əməkdaşlığın əsasının qoyulduğu xüsusi vurğulanmışdır. Bu baxımdan Belarusun səhiyyə nazirinin səfəri çərçivəsində hər iki ölkənin səhiyyə nazirlikləri arasında bağlanmış Əməkdaşlıq Sazişinin də müsbət nəticələr verəcəyinə əminlik bildirilmişdir.
Səfər çərçivəsində Azərbaycanın Səhiyyə Nazirliyinin rəhbərliyi ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardığını deyən Vasili Jarko xatırlatmışdır ki, son illər Belarus da Azərbaycan kimi sürətli inkişaf yoluna qədəm qoymuşdur. Xüsusən, əhalinin sağlamlığının qorunması sahəsindəki uğurlara toxunan qonaq, Belarusda müasir avadanlıqla təchiz edilmiş səhiyyə ocaqlarının mövcudluğunu, mürəkkəb cərrahiyyə əməliyyatları aparıldığını, o cümlədən ürək-damar xəstəlikləri, ətraf orqanların müalicəsi və bərpası sahəsində müsbət nəticələr əldə edildiyini nəzərə çatdırmışdır. O, bütün bu nailiyyətlər barədə təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduğunu bildirmişdir.
Azərbaycan səhiyyəsində aparılan islahatlara toxunan Baş nazir Artur Rasizadə, ölkəmizin rəhbərliyinin bu sahəyə daim diqqət yetirdiyini, respublikamızda son illərdə xeyli yeni müasir səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, yüksək ixtisaslı həkim kadrlarının hazırlandığını qeyd etmişdir. Qonağın irəli sürdüyü təkliflərin Azərbaycanda geniş maraq doğuracağını vurğulayan Baş nazir, Səhiyyə nazirlikləri arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.