NAZİRLƏR KABİNETİNDƏ MÜŞAVİRƏ
Noyarbrın 25-də Nazirlər Kabinetində Azərbaycan Respublikası Prezidentinin “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşdırılması problemlərinin həlli haqqında” 2002-ci il 22 avqust, “Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2001-ci il 7 sentyabr, “Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2002-ci il 13 may tarixli Fərmanlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinin gedişi ilə bağlı müşavirə keçirilmişdir.
Müşavirədə respublikanın tikinti və layihə təşkilatlarının, Nazirlər Kabinetinin müvafiq şöbəsinin, Dövlətqaçqınkomun məsul işçiləri, qaçqın və köçkünlər üçün qəsəbələrin salındığı rayonların icra hakimiyyətlərinin başçıları iştirak etmişlər.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov müşavirəni açaraq, Azərbaycan Prezidentinin məlum Fərmanlarının icrası ilə əlaqədar görülən işlər barədə məlumat verdi, yeni qəsəbələrin inşasına 40-dan çox tikinti təşkilatının cəlb edildiyini söylədi. Həmin təşkilatların hər birinin fəaliyyəti ətraflı təhlil edildi və bildirildi ki, yaşayış qəsəbələrinin inşasına dair tapşırıqlar vaxtında yerinə yetirilməlidir.
Sonra Ağdam rayonunun Ergi, Xındırıstan, Ayaq Qərvənd kəndlərində, Füzuli rayonunun Haramı ərazisində, Biləsuvar rayonunda qaçqın və köçkünlər üçün qəsəbələrin tikintisi, içməli su və elektrik enerjisi ilə təmin olunması həmin qəsəbələrdə infrastrukturun yaradılması, qaçqın və köçkünlərin məskunlaşacağı digər yerlərdə sosial obyektlərin inşasının vəziyyəti, daxili yolların çəkilməsi, ilə bağlı görülmüş işlərdən söhbət açıldı.
Tikinti təşkilatlarının nümayəndələri çıxış edərək, bəzi problemlərdən danışdılar, onları aradan qaldırmaq, obyektləri əvvəlcədən razılaşdırılmış cədvəl üzrə yüksək keyfiyyətlə təhvil vermək üçün təkliflərini bildirdilər.
Müşavirədə yeni qəsəbələrin inşasını sürətləndirmək məqsədi ilə tikinti təşkilatlarına konkret tapşırıqlar verildi.