NDU-nun nümayəndə heyəti Türkiyədə beynəlxalq konqresdə iştirak edib
Naxçıvan, 25 noyabr, AZƏRTAC
Türk Qastroenterologiya Dərnəyinin dəvəti ilə Naxçıvan Dövlət Universitetinin (NDU) nümayəndə heyəti rektor Elbrus İsayevin rəhbərliyi ilə Antalyada keçirilən “39-cu Beynəlxalq qastroenterologiya həftəsi və 10-cu qastroenterologiya cərrahiyyə konqresi”ndə iştirak edib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən, 1500-dək iştirakçının qatıldığı beynəlxalq konqres dünya qastroenteroloqlarını, universitet və dərnəklərini bir araya gətirib, burada müasir texnologiyalar, müayinə və müalicə üsulları təhlil edilib. Konqresdə simulyasiyalara əsaslanan təlim metodlarının tibb tədrisindəki əhəmiyyəti, canlı heyvanlar üzərində aparılan endoskopik əməliyyatlar simulyasiyalar vasitəsilə çatdırılıb.
Konqres çərçivəsində NDU-nun uzun müddət əməkdaşlıq etdiyi Kocaeli (İzmit) və Rəcəb Tayyib Ərdoğan (Rizə) universitetlərinin rektorları ilə görüşlər keçirilib. Görüşlərin əsas məqsədi müxtəlif xarici ölkə universitetləri, dərnək və cəmiyyətlərlə əməkdaşlıqların yaradılması, NDU-nun beynəlxalq arenada tanıdılması olub.
NDU-nun rektorunun keçirdiyi görüşlər gələcəkdə universitetdə canlı heyvanlar üzərində aparılan əməliyyatların simulyasiyalarla keçirilməsi, bu məqsədlə ənənəvi və onlayn kursların təşkili, universitetlər və cəmiyyətlər arasında koordinasiyanın qurulması, tələbə və rezidentlərin bu xətt üzrə xaricdə kurslara göndərilməsi baxımından əhəmiyyətlidir. Nümayəndə heyətinin konqresdə iştirakı isə bu sahədə qardaş ölkənin tibb mütəxəssisləri ilə təcrübələrin bölüşdürülməsi, tibbin aktual sahələrinə dair elmi araşdırmalarının tibb təhsilinə innovasiyası baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, mötəbər tədbirin təşkilatçı qurumları tələbə və rezidentlərin xarici ölkələrdə kurs keçmələrini dəstəkləyir.