Neft-Kimya Prosesləri İnstitutunda Zəfər Günü qeyd olunub
Bakı, 7 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) 8 Noyabr - Zəfər Günü qeyd edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
NKPİ-nin baş direktoru akademik Vaqif Abbasov Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açıb: “Əsrlər boyu edə bilmədiyimizi Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində və nəhayət, 2023-cü ilin sentyabrında bir sutkadan da az müddətdə həyata keçirdi. Tariximizdə görünməmiş dövlət-xalq birliyi məhz Prezident İlham Əliyevin sayəsində yaranıb. Otuz ilə yaxın müddətlə vəhşi qonşularımızın xarabalığa çevirdiyi torpaqlarımızda misli görünməmiş abadlıq-quruculuq işləri həyata keçirilir. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda vüqarla dalğalanır”.
V.Abbasov qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti ilə torpaqlarımızın işğaldan azad olunması, bu yerlərdə Azərbaycan Bayrağının dalğalanması çox qürurvericidir. Xocalıda qətliam törətmiş, Gəncəni, Bərdəni, Tərtəri və digər şəhərlərimizi raket atəşinə tutmaq əmrini vermiş və bununla vaxtilə öyünən cəlladların bir qismi əliqandallı Azərbaycan əsgəri Bakıya gətirildilər və öz layiqli cəzalarını alacaqlar.