Neftçala rayonunda əhalinin hamılıqla tibbi müayinəyə cəlb edilməsi üçün geniş təbliğat aparılır
Neftçala, 16 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin kütləvi surətdə profilaktik tibbi müayinədən keçirilməsinə dair tapşırığı ölkəmizin hər yerində olduğu kimi, Neftçala rayonunda da uğurla icra edilir.
AZƏRTAC xəbər verir ki, rayon sakinlərinin kütləvi dispanserləşdirmə üçün səhiyyə müəssisələrində nümunəvi şərait yaradılmışdır. Əhalinin sağlamlığının qorunmasına yönələn bu aksiyanın mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə rayon icra hakimiyyətində xüsusi komissiya yaradılmış, dəqiq qrafik tərtib olunmuşdur.
Komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Gültəkin Sadıqova məlumat vermişdir ki, rayonun bir şəhər, üç qəsəbə və 47 kəndində, ümumilikdə 83 minədək əhali yaşayır. Vətəndaşları tibbi müayinəyə cəlb edilməsi üçün rayonda geniş təbliğat aparılır. Müvafiq komissiya və qərargah müayinələrin gedişinə operativ nəzarət edir.
Rayon mərkəzi xəstəxanasında həkim-otolorinqoloq Şölə İsmayılova bildirmişdir ki, humanitar aksiya çərçivəsində qəsəbə və kənd həkim məntəqələrində və bir sahə xəstəxanasında da tibbi müayinələr aparılır. Peşəkar həkimlərdən ibarət səyyar və stasionar həkim briqadaları təşkil olunmuşdur.
Neftçala rayonunda indiyədək 54231 nəfər tibbi müayinədən keçirilmişdir. Onlardan xəstəlik aşkar edilmiş 2360-ı ambulator, 34-ü isə stasionar müalicəyə cəlb olunmuşdur. Onlardan 64 nəfəri Bakı şəhərinə göndərilmişdir.
Rayonun tibb işçiləri kampaniyanı uğurla başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.