NEFTÇALADA SOSİAL-İQTİSADİ VƏZİFƏLƏR UĞURLA YERİNƏ YETİRİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, oktyabrın 29-da Neftçala Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2007-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov məruzə etmiş və bildirmişdir ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində cari ilin yanvar-sentyabr ayları ərzində ölkənin əsas makroiqtisadi göstəricilərinə dair proqnozlar artıqlaması ilə yerinə yetirilmişdir. Ümumi daxili məhsul 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artmışdır. Cari ilin 9 ayında ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 25,6 faiz artaraq 1966 manat və ya 2282 ABŞ dolları səviyyəsinə çatmışdır. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı uğurla yerinə yetirilmiş, 2003-cü ilin oktyabrından indiyədək 610 min yeni iş yeri açılmışdır.
Natiq bildirmişdir ki, 2007-ci ilin 9 ayı ərzində rayonda 16 yeni müəssisə yaradılmış, 154 fiziki şəxs fəaliyyətə başlamışdır. Yeni yaradılmış müəssisələrin hesabına 41, mövcud müəssisə və təşkilatlarda 93, fiziki şəxslər üzrə 209, cəmi 343 daimi yeni iş yeri açılmışdır. Ümumilikdə rayon üzrə 4191 iş yeri açılmışdır. Ümumi daxili məhsul istehsalının həcmi 2006-cı ilin 9 ayına nisbətən 36,6 faiz artaraq 54,5 milyon manat olmuşdur. Rayonun ən iri sənaye müəssisəsi olan “ANŞAD-Petrol” neft və qazçıxarma müştərək müəssisəsində, “Leqno-Neftçala” və “Xəzər şirkəti” məhdud məsuliyyətli cəmiyyətlərində, Neftçala balıq kombinatı, Qaraqaşlı-Broyler açıq səhmdar cəmiyyətlərində uğurlu istehsalat göstəriciləri qazanılmışdır. “Azəryod” MMC-də hesabat dövründə qarşıya qoyulan proqnoz şərtləri yerinə yetirilmişdir. Burada istehsal gücü 250 ton olan yod istehsal qurğusunun birinci növbəsi istifadəyə verilmiş, 8 ton texniki yod istehsal olunmuşdur. 2007-ci ilin 9 ayı ərzində 15 yodlu su quyusu əsaslı təmir edilib istismara verilmiş, sutkada su hasilatı 3500 kubmetrə çatdırılmışdır.
Natiq qeyd etmişdir ki, cari ilin 9 ayında aqrar sahədə də müsbət irəliləyişlər olmuşdur. Belə ki, cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulu istehsalı 3536 min manat və ya 15,1 faiz artmış, diri çəkidə 2976 ton ət, 14033 ton süd, 2375 min ədəd yumurta, 168,8 ton yun istehsal olunmuş, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 521 ton, süd istehsalı 111 ton, yumurta istehsalı 8 min ədəd, yun istehsalı 1,7 ton artmışdır.
Məruzə ətrafında çıxış edənlər qarşıda duran sosial-iqtisadi vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əmin olduqlarını bildirmişlər.
Müşavirədə iştirak edən Prezidentin İcra Aparatının məsul işçisi Dəyanət Abdullayev ölkədə həyata keçirilən genişmiqyaslı inkişaf proqramının uğurlarından ətraflı söz açmışdır.