Neftçalada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Neftçala, 26 fevral, AZƏRTAC
Erməni hərbi cinayətkarların törətdiyi Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində yaşanan qətliamdan bir qərinə ötsə də, xalqımız bu ağır hadisəni unutmayıb. Bu faciə təkcə Xocalı sakinlərinə qarşı deyil, bütöv bəşəriyyətə qarşı törədilmiş hərbi cinayətdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın hər yerində olduğu kimi, Neftçala rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Neftçala Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri Neftçala şəhərinin mərkəzində yerləşən Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Sonra Neftçala Rayon Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Xocalı qurbanlarının xatirəsinə həsr olunan rəsm sərgisinə baxış keçirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalının azad edilməsindən sonra oraya səfərlərindən, sakinlərlə keçirdikləri görüşlərindən bəhs edən videoçarx nümayiş olunub.
Çıxışlar zamanı bildirilib ki, indi Xocalı şəhəri azaddır, faciə zamanı şəhid olanların ruhu şaddır. Vurğulanıb ki, Böyük Qayıdış Proqramına uyğun olaraq, Xocalı sakinləri öz yurdlarına qayıdırlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş yurdlarımız yenidənqurma işləri nəticəsində gülüstana çevrilir.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala nümayəndəliyi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə davam edib.