“Neftçi” idman klubu 2021-ci ili də böyük uğurlarla başa vurub
Bakı, 30 dekabr, AZƏRTAC
Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən nəhəng işlər və iri layihələr hər birimizdə qürur hissi yaradır. Təbii ki, buna görə, ilk növbədə, dövlətimizin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulamaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında bu sahədə həyata keçirilən düzgün və məqsədyönlü dövlət siyasəti sayəsində ölkəmiz Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Məhz dövlətin, Milli Olimpiya Komitəsinin gündəlik qayğısı sayəsində həyata keçirilən tədbirlərin, görülən işlərin nəticəsində Azərbaycan ümumdünya olimpiyaçılar ailəsində böyük nüfuz sahibi olub. Ölkəmizin beynəlxalq aləmdə qazandığı inam sayəsində müxtəlif səviyyəli mötəbər yarışların respublikamızda keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər bunun bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, “Neftçi” idman klubu bu sahədə dövlət siyasətinin həyata keçirilməsində daim yaxından iştirak edib və bu gün də öz işini uğurla davam etdirir. Klubumuz mütəmadi olaraq neft, qaz və kimya sənayesinin işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir. Bununla bərabər, peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.
Yola salmaqda olduğumuz ilə nəzər salsaq, klubun çoxsaylı uğurlara imza atdığının şahidi olarıq. Bu müddət ərzində klubun strukturunda fəaliyyət göstərən qurğularda idmanın 30 növü üzrə 81 peşəkar məşqçi-müəllimin rəhbərliyi altında minlərlə yeniyetmə və gənc, eləcə də yüzlərlə neftçi idmanla məşğul olub.
2021-ci ildə “Neftçi” idman klubunun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsi istiqamətində mühüm işlər görülüb. Bu müddət ərzində həmin işçilər arasında klub tərəfindən çimərlik voleybolu, “Atam, anam və mən” (1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş idman-turizm yarışı) və mini-futbol (31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turnir) üzrə kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil olunub ki, bu yarışlarda da yüzlərcə insan iştirak edib.
Qeyd edək ki, ölkədə mövcud olan koronavirus pandemiyası səbəbindən bu yarışların ən kütləvisi olan spartakiada və bəzi tədbirlər təxirə salınıb.
Böyük idman və peşəkar idmançıların hazırlığı sahəsində də böyük uğurlara nail olunub.
Respublikamız müstəqillik əldə etdikdən indiyə qədər klubun idmançıları bütün olimpiadalardan Vətənə medallarla dönüblər. Bununla bərabər, klubun yetirmələri bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda, mütəmadi olaraq ölkəmizi layiqincə təmsil edirlər. Dünyada pandemiyanın hökm sürməsinə baxmayaraq, təkcə 2021- ci il ərzində klubun yetirmələri 248 medal qazanıblar ki, onlardan da 100-ü qızıl, 52-si gümüş, 96-sı isə bürüncdür.
“Neftçi”nin təmsilçiləri bu il Yaponiyada keçirilən Tokio Yay Olimpiya Oyunlarında uğurla çıxış edərək 2 medala sahib olublar. Belə ki, sərbəst güləşçi Hacı Əliyev Tokio Olimpiadasında Azərbaycanın aktivinə gümüş medal yazdırıb. Cüdoçumuz İrina Kindzerska isə üçüncü yeri tutub. Qeyd edək ki, bu, Azərbaycan yığmasının Tokio Yay Olimpiya Oyunlarında əldə etdiyi ilk medal idi.
Klubun yetirmələrinin Tokioda keçirilən və 163 ölkədən 4 min 400 idmançının 539 dəst medal uğrunda mübarizə apardığı XVI Yay Paralimpiya Oyunlarındakı möhtəşəm çıxışlarını isə xüsusi vurğulamaq lazımdır.
Ümumiyyətlə, Tokio Paralimpiadası Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazılıb. Dördilliyin zirvə yarışına 36 idmançı ilə qatılan milli paralimpiya komandamız 19 medal (14 qızıl, 1 gümüş və 4 bürünc) qazanaraq, 163 ölkə arasında medal siyahısında 10-cu yerdə qərarlaşıb. Bu, yeddinci dəfə Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının tarixində ən böyük uğurdur.
Qürurverici haldır ki, Azərbaycan komandasının qazandığı bu parlaq qələbədə "Neftçi”nin yetirmələri böyük pay sahibi olublar. Belə ki, klubun Azərbaycan millisinin heyətində yer alan paracüdoçuları Tokio Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirərək ölkəmizə 8 medal (6 qızıl, 2 bürünc) qazandırıblar. Klubun yetirmələri Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abbaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) isə bürünc medala sahib olublar.
Xatırladaq ki, Tokio Paralimpiadasında ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edirdi ki, onlardan da 22-si "Neftçi” idman klubunun yetirmələri idi.
Sentyabrda Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında da atletlərimiz böyük uğura imza atıblar. Belə ki, komanda mötəbər yarışın 6 medalına (2 qızıl, 2 gümüş, 2 bürünc) yiyələniblər. Onlardan yunan-Roma güləşi üzrə Nihad Quluzadə (55 kq) və Sərxan Məmmədov (130 kq) qızıl, qadın güləşçimiz Şahanə Nəzərova (50 kq) isə gümüş medal qazanıblar. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində çıxış edən Əhməd Yusifov yalnız həlledici final qarşılaşmasında komanda yoldaşına məğlub olaraq gümüş medala layiq görülüb. Digər cüdoçumuz Camal Feyziyev (+100) isə yarışı üçüncü pillədə başa vurub. Samboçumuz Adil Adilzadə (88 kq) də turnirin bürünc medalına layiq görülüb.
Bundan əlavə, klubun yetirmələri il ərzində dünya, Avropa çempionatı və birinciliklərində, eləcə də digər beynəlxalq turnirlərdə əzmlə mübarizə apararaq ölkəmizə medallarla dönüblər.
2021-ci ildə təkmübarizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm addımlar atılıb. Yüksək liqada çıxış edən kişilərdən ibarət voleybol komandası sonuncu Azərbaycan çempionatında turnir cədvəlinin lideri olsa da, koronavirus pandemiyası səbəbindən çempionat yarımçıq dayandırılıb.
“Neftçi” uşaq futbolunun inkişafını özünün prioritet məsələlərindən hesab edir. Ona görə də uşaq futbolunda çalışmış təcrübəli mütəxəssislər və kateqoriyalı məşqçilər bu işə cəlb olunub. Klub tərəfindən daim seleksiya xarakterli toplanışlar keçirilir, istedadlı uşaqlar, yeniyetmələr seçilərək müxtəlif yaş qrupları üzrə komandalara cəlb olunurlar. Hazırda klubda 24 məşqçinin rəhbərliyi altında 300-ə yaxın uşaq və yeniyetmə futbolun sirlərini öyrənir. Klubun uşaq futbol komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə bütün liqalarda yüksək səviyyədə təmsil olunurlar.
Ümumiyyətlə, qazandığı yüksək nailiyyətlər sayəsində “Neftçi” idman klubu Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə “İlin ən yaxşı idman cəmiyyəti” adına layiq görülüb.