Nərimanov rayonunda 54 mindən çox sakinin müayinələrdən keçməsi təmin olunmuşdur
Bakı, 21 aprel (AZƏRTAC). Əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 14-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinələrdən keçirilməsi kampaniyası Bakının Nərimanov rayonunda da uğurla aparılır.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də yüzlərlə rayon sakini müasir tibbi avadanlıqlarla təchiz olunmuş 37 nömrəli şəhər poliklinikasına gələrək tibbi müayinələrdən keçmişdir. Poliklinikanın baş həkimi Təranə Məmmədova bu səhiyyə ocağının yerləşdiyi ərazi üzrə ümumilikdə 2 min 856 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 360 nəfərə ambulator, 26 nəfərə isə stasionar müalicə təyin edildiyini bildirmişdir.
Fevralın 17-dən etibarən artıq rayon üzrə 54 min 604 nəfərin müayinələrdən keçməsi təmin olunmuşdur. Onlardan 7 min 29 nəfərə ambulator, 172 nəfərə stasionar müalicə təyin edilmişdir.
Müayinədən keçən vətəndaşlar onların sağlamlıqlarının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.