Nərimanov rayonunda səkkiz avtomobildən oğurluq edən şəxs tutularaq cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
Nərimanov rayonunda avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs rayon polis idarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177.2.2-ci (Oğurluq, təkrar törədildikdə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə məhkum olunmuş Nurlan Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.
Araşdırma zamanı onun Nərimanov rayonu ərazisində müxtəlif markalı səkkiz avtomobilin salonundan maqnitofonlar, pul və digər əşyalar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.
Nurlan Hüseynov oğurluğa gedən zaman həmin ərazilərdə quraşdırılan müşahidə kameraları vasitəsilə də görüntülənib.
Onun barəsində 17-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə təqdim olunub. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinə, digər ərazi polis orqanlarına, habelə nazirliyin 102 Xidməti - Zəng Mərkəzinə məlumat verə bilərlər.