Nərimanov Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü
Bakı, 23 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində “Açıq qapı” günü təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, mərkəzdə sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslər müxtəlif xidmətlərə cəlb edilir.
Bildirilib ki, şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərinin formalaşması, çatışmazlıqların korreksiyası, onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində iş aparılır, həmçinin benefisiarların valideynlərinə sosial-məsləhət yardımı xidməti göstərilir.
2023-cü ildən fəaliyyət göstərən Nərimanov Sosial Xidmət Mərkəzində bu günədək 250-dən çox şəxs dövlət qayğısı ilə əhatə olunub. Hazırda mərkəzdə 57 nəfər xidmətlərdən yararlanır.
Mərkəzdə göstərilən sosial reabilitasiya xidmətləri barədə maarifləndirməni artırmaq məqsədi daşıyan tədbirdə valideynlər, ali təhsil müəssisələrinin tələbələri və digər vətəndaşlar iştirak ediblər.