Nərimanov Sosial Xidmət Mərkəzində xidmətlərdən yararlanan uşaqlar ekskursiyada olublar
Bakı, 23 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində xidmətlərdən yararlanan uşaqlar üçün ekskursiya təşkil edilib, eləcə də onlar incəsənət master-klaslarına cəlb olunublar.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, həmçinin sosial bacarıqlarının gücləndirilməsi məqsədi daşıyıb.
Milli İncəsənət Muzeyinə təşkil edilən ekskursiya zamanı benefisiarlar “Mirzə Qədim İrəvani: 200 illik sənət salnaməsi” sərgisi çərçivəsində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən olan M. Q. İrəvaninin zəngin və çoxşaxəli bədii irsi ilə yaxından tanış olublar.
İştirakçılar ustad dərsləri zamanı rəssamlıq və müxtəlif əl işləri üzrə öz yaradıcılıq bacarıqlarını sınamaq imkanı əldə ediblər.