Nərmin Hüseynova: Doğma yurdumuza - Ağdama qalib xalqın nümayəndələri olaraq qayıtmışıq
Ağdam, 14 avqust, A.Yavərzadə, AZƏRTAC
Çox sevinirik ki, doğma yurdumuza - Ağdama qalib xalqın nümayəndələri olaraq qayıtmışıq. Buna görə Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza böyük minnətdarlığımızı bildiririk. Həqiqətən də 44 günlük Vətən müharibəsində hər bir azərbaycanlı Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək düşmənin başını əzdi. Qəhrəman əsgərlərimiz Ali Baş Komandanımızın rəhbərliyi ilə uzun illərin torpaq həsrətinə son qoydu.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında DAVAM Gənclər Hərəkatının təmsilçisi Nərmin Hüseynova Ağdama səfəri zamanı deyib.
Nərmin Hüseynova bildirib ki, işğal altındakı torpaqlarımızı bir vaxtlar analarının qucağında öz yurdlarından didərgin düşən övladlarımız azad etdilər: “Həmin uşaqlar uzun illər idi ki, qisas hissi ilə alışıb-yanırdırlar. İndi onların hər biri bir qəhrəmandır. Bu qəhrəmanlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə silaha sarılıb düşmənin üzərinə yeridilər və qısa müddətdə - cəmi 44 gündə torpaqlarımızı azad etdilər. Bu, bir daha Azəbaycan xalqının əyilməzliyinin, qəhrəmanlığının, gücünün, qüdrətinin göstəricisidir. Düşmən bu torpaqları Azərbaycanda xaos-anarxiya baş alıb getdiyi bir dövrdə işğal etmişdi. Amma illər sonra qarşılarında güclü, qüdrətli Azərbaycan dövləti, müasir silahlarla silahlanmış Azərbaycan Ordusu və qisas hissi ilə alışıb-yanan Azərbaycan gənci, xalqımız vardı. Bu amillərin vəhdəti nəticəsində Ermənistana elə bir zərbə vuruldu ki, bir də çətin özünə gələ. Ona görə də kapitulyasiya aktına imza atmağa məcbur oldu”.
Ağdamın yerləbir olunduğunu söyləyən Nərmin Hüseynova qeyd edib ki, dövlətimiz bu torpaqların yenidən bərpası üçün var gücü ilə çalışır: “İnanıram ki, növbəti səfərimiz zamanı burada açılışların şahidi olacaq, insanların öz evlərində xoşbəxt yaşadıqlarını görəcəyik. O gün də uzaqda deyil. İnşallah, qüdrətli dövlətimiz bu işlərin də öhdəsindən uğurla gələcək”.