Nərminə Mustafayeva: Qarabağ Zəfəri Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biridir
İstanbul, 4 noyabr, AZƏRTAC
Qarabağ Zəfəri Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən biridir. Qırx dörd günlük Vətən müharibəsi nəticəsində əldə etdiyimiz Zəfərimizin ikinci ilini qeyd edirik. Bu, çox böyük bir gündür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva İstanbulda Azərbaycanın şanlı Qarabağ Zəfərinin ikinci ildönümü münasibətilə keçirilən tədbirdə Azərbaycan mediasına açıqlamasında deyib.
Tədbir əsnasında Azərbaycanın şanlı Qarabağ Zəfərinə gedən yolu, Azərbaycan və Türkiyə qardaşlığını özündə əks etdirən “Bir Millət, Bir Zəfər” sərgisinə baxış keçirdiklərini deyən Baş konsul bundan qürur hissi duyduğunu ifadə edib.
Baş konsul deyib: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi bacarığı, Azərbaycanın qüdrətli Ordusunun gücü ilə biz tarixi torpaqlarımızı qaytardıq. Artıq iki ildir biz bu sevinci yaşayır, şanlı Qələbəmizi qeyd edirik. Bu hisslər ürəyimizdə gündən-günə daha da alovlanır. Türkiyədə, dostlarımız və qardaşlarımızın arasında Zəfər Gününü qeyd etmək isə çox sevindirici haldır”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul