Nəsimi rayonunun 28 May küçəsində qumbara aşkarlanıb
Bakı, 30 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunun 28 May küçəsində polis əməkdaşı tərəfindən sursat aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.
Ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər hadisə yerinə baxış keçirdiyi zaman aşkarlanmış sursatın döyüş tətbiqinə yararlı bir ədəd RQD-5 markalı əl qumbarası olduğu müəyyənləşib.
Qumbara pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.