“NETTY-2016”ya ərizə qəbulu davam edir
Bakı, 18 aprel, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən “NETTY-2016” Azərbaycan Milli İnternet Mükafatında (www.netty.az) iştirakla bağlı ərizələrin qəbulu davam edir.
İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, artıq 200-dən çox sayt, layihə və proqram təminatı iştirak üçün qəbul edilib. Ən çox layihə “Elm və təhsil” nominasiyasinda qeydiyyata alınıb. Ənənəvi olaraq mükafat bir çox layihə, sayt və proqram təminatlarının başlanğıc platforması kimi çıxış edir. Orta hesabla startapların 30 faizi məhz bu mükafat çərçivəsində özlərini tanıtdırır.
Sayt-iştirakçıların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu aprelin 30-dək davam edəcək. Mayın 1-dən 7-dək “NETTY”nin nominantlarını müəyyən etmək məqsədilə ekspert şurasının və virtual münsiflər heyətinin səsverməsi həyata keçiriləcək. Mayın 8-də “NETTY” Akademiyasının səsverməsi başlayacaq. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edəcək. “NETTY-2016” nominasiyalarının finalçıları rəsmi olaraq təntənəli mərasimdə elan ediləcəklər. Müsabiqənin əsas mükafatı “NETTY” heykəlciyi qaliblərə təntənəli surətdə təqdim ediləcək. Mükafatlandırma mərasimində bütün nominantlar iştirak edəcəklər.
Ənənəvi olaraq müsabiqə çərçivəsində müxtəlif nominasiyalar üzrə Azərbaycanda ən yaxşı saytların adları çəkiləcək. Müsabiqə çərçivəsində fəxri nominasiyalar üzrə də mükafatlar veriləcək.